Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzində mərhum rəssam Kamil Ramazanovun fərdi sərgisi keçirilib.

Regional idarənin rəisi Şahin Şahbazov rəssamın həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Kamil Ramazanov bu gün həyatda olmasa da, qoyub getdiyi əsərlər ona ikinci həyat yaşadır. Diqqətə çatdırılıb ki, rəssamın sağlığında dəfələrlə fərdi sərgiləri təşkil olunub, əsərləri Nizami adına Ədəbiyyat Muzeyində, İstiqlal, Milli İncəsənət muzeylərində və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır. Rəssam dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubiley ilə əlaqədar Fransada təşkil olunan sərginin iştirakçısı olub, respublika və ümumittifaq sərgilərində müntəzəm çıxış edib, 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub.

Sonda Ş.Şahbazov rəssamın ailə üzvlərinə onun sənət irsini qoruyub saxladıqlarına görə minnətdarlığını bildirib.

Rəssamlar Firudin Quliyev, Adil Əsədli, Şöhrətdin Səbziyev və ailə üzvləri çıxış edərək fikirlərini bölüşüblər, incəsənət ustalarına və dünyadan köçmüş sənət xadimlərinin xatirəsinə göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildiriblər.

Sonda sərgiyə baxış keçirilib. Sərgidə mərhum rəssamın 60-a yaxın əl işi yer alıb.

Kamil Ramazan oğlu Ramazanov 16 aprel 1934-cü ildə Lənkəran şəhərində anadan olub. Onun yaradıcılığı əsasən rəngkarlıq sahəsində yaradılmış əsərlərdən ibarətdir. Süjetli tablo, portret, mənzərə və bir çox maraqlı əsərlərin müəllifi kimi tanınan rəssamın əsərlərində vətənpərpərlik mövzusuna geniş yer ayrılıb.

Rəssam 18 oktyabr 2010-cu ildə Bakıda vəfat edib.