Xarici qonaqlar paxlavaya daha çox sənətkarlıq nümunəsi kimi yanaşırlar
   
   Şəkinin özünəməxsus mətbəx nümunələri içərisində paxlava xüsusi yer tutur. Belə demək mümkünsə, rayona ayaq basan hər bir qonağı sakinlər məşhur Şəki paxlavası ilə qarşılayırlar. Burada hər addımbaşı paxlava dükanına rast gəlmək mümkündür.
   
   Rayon Mədəniyyət və Turizm Şöbəsindən aldığımız məlumata görə, hazırda Şəkidə 60-dan çox paxlava və halva dükanı fəaliyyət göstərir. Ulu babalardan yadigar qalmış bu sənəti yaşadanlar milli şirniyyatımızın gözəl nümunələrini hazırlayırlar.
   Rayonda adla çağırılan paxlava ustalarından biri də 78 yaşlı Fərman Quliyevdir. 61 ildir ki, bu işlə məşğul olur. Onun atası, babası da vaxtilə Şəkinin tanınmış paxlava ustalarından olub. Usta deyir ki, əsl Şəki paxlavası xalis düyü unundan hazırlanır. Başqa üsullarla bişirilən paxlavanı şirniyyat hesab etmək olar, amma «Şəki paxlavası» demək olmaz.
   F.Quliyevin sözlərinə görə, paxlavanın bişirilmə qaydası çox çətindir: “Ötən əsrin əvvəllərində paxlava təmiz balla (şərbətlə) bişirilərdi. İndi təmiz bal tapmaq çətindir və ondan istifadə maddi cəhətdən sərf etmir. Bişirilsə belə, baha başa gəldiyi üçün alıcısı az olur. Bu səbəbdən də indi şərbət adi şəkər tozundan hazırlanır».
   Bəs əsl Şəki paxlavası necə hazırlanır? Həmsöhbətimiz deyir ki, bunun üçün düyü dəyirmanda üyüdüldükdən sonra un alınır. Həmin un su ilə yoğrulur. Bir kilo yarım undan hazırlanmış xəmir xüsusi deşikli qıfdan havada dolanaraq qızdırılmış tavaya süzülür. Bu minvalla ayrı-ayrılıqda 8 tor riştə hazırlanır. Sonra onlar bir-birinin üzərinə qoyulur. Ardınca bir kiloqramdan çox olmaqla üyüdülmüş fındıq ləpəsi (keşniş toxumu və hillə ətirləndirilmiş halda) onun üzərinə yayılır. Sonra daha 5 riştə üst-üstə qoyulur. Alınmış kütlənin səthi zəfəranla bəzədilir. Od üzərində 15-20 dəqiqə bişirilir. Daha sonra 5 kilo şəkər tozu, sudan ibarət şərbət bişirilir. Usta deyir ki, paxlava üzərinə gəzdirilmiş şərbətlə islandıqdan sonra 8-10 saat qalmalıdır ki, şərbət paxlavanın canına hopsun. Bu resept 8 kiloluq (bişirildikdən sonrakı kütləsi) dairəvi məcməyi üçün nəzərdə tutulur.
   F.Quliyevin sözlərinə görə, Şəkiyə gələn xarici mütəxəssislər onun hazırladığı paxlavanı dadıblar, bəyəniblər və təmsil etdikləri şirkət adından ona xüsusi sertifikat veriblər. Turistlər çox vaxt divardan asılmış sertifikatına görə ondan bazarlıq edirlər.
   Bu gün çoxlu sayda şagirdlərinin olduğunu deyən usta təəssüflə bildirir ki, indiki gənclər əsl sənəti öyrənməkdən çox, tezbazar pul qazanmaq barədə fikirləşirlər: “Mən artıq yaşa dolmuşam. Əvvəlki gücüm yoxdur. İstəyirəm, əsl paxlavanın resepti zaman keçdikcə unudulmasın. İnsanlar paxlava hazırlamaq və onu təqdim etmək həvəsini yaşatmalıdırlar. Çünki paxlava Şəkinin simvoludur. Rayonumuza ayaq basan bütün xarici qonaqları paxlava, onun hazırlanma qaydası daha çox maraqlandırır. Əcnəbilər buna, eyni zamanda bir sənətkarlıq nümunəsi kimi yanaşırlar». 
   

   Fəxriyyə Abdullayeva