Xalq şairi Zəlimxan Yaqubun Ümummilli lider Heydər Əliyevə həsr etdiyi poemalardan ibarət “Əbədiyyət dastanı” kitabı Azərbaycanın Türkmənistandakı Səfirliyinin dəstəyi ilə türkmən dilinə çevrilərək nəşr edilib.

15 İyun – Milli Qurtuluş Günündə səfirlikdə “Əbədiyyət dastanı” (“Ebedilik dessany”) kitabının təqdimatı keçirilib.

Səfir Həsən Zeynalov bildirib ki, böyük şəxsiyyətlər, onların xalq qarşısında xidmətləri haqqında geniş ictimaiyyətin məlumatlandırılmasının ən yaxşı üsullarından biri bədii əsərdir. Kitabda Xalq şairi Zəlimxan Yaqubun Ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” poemaları yer alıb.

Qeyd olunub ki, nəşr Türkmənistanın Mərkəzi Kitabxanası vasitəsilə ölkənin kitabxanalarına paylanacaq. Səfir bu kitab vasitəsilə qardaş türkmən oxucularının Heydər Əliyevin həyatı, fəaliyyəti və şəxsiyyəti ilə daha yaxından tanış olacaqlarına əminliyini ifadə edib. Nəşr Azərbaycan-Türkmən mədəni əlaqələrinə və qardaşlıq münasibətlərinə bir töhfədir.

Türkmənistanlı şair Akmurad Rəcəbov və səfirliyin müşaviri Mikayıl Yusifov tərəfindən türkmən dilinə çevrilən kitabın nəfis tərtibatında Xalq rəssamı Arif Hüseynovun illüstrativ əsərlərindən istifadə edilib.

Çıxışlardan sonra kitabdakı poemalardan parçalar qiraətçilər tərəfindən səsləndirilib.