ABŞ-də azərbaycanlı rəssamın sərgisi açılacaq

 

İyunun 23-də Portlenddəki (ABŞ) Oreqon Müasir İncəsənət Mərkəzində azərbaycanlı rəssam, Əməkdar mədəniyyət işçisi Sürəyya Muğanlının “İlkinliyin itməyən işığı” adlı fərdi sərgisi açılacaq. Sərginin kuratorları Ta(r)dino 6 art-platformanın həmtəsisçiləri Əsli Səmədova və Azad Asifoviçdir.

Ə.Səmədovanın sözlərinə görə, rəssamın xaricdə ilk sərgisini keçirmək ideyası ötən ilin payızında ABŞ-də CEC ArtsLink International Fellowships rezidenturasında olarkən yaranıb.

“Portlend, Los-Anceles, Vaşinqton və Nyu-Yorkda müasir incəsənət institutlarında həmyerlilərimin əsərlərini amerikalı həmkarlarıma təqdim etmişəm. Portlenddə Müasir İncəsənət İnstitutunda (PICA) təcrübə keçmişəm. Bundan əlavə, 2022-ci ilin oktyabr ayında Oreqon Müasir İncəsənət Mərkəzindən olan amerikalı həmkarlarım mənim mühazirəmi və Azərbaycan rəssamlarının üç nəslin nümayəndələrinin iştirakı ilə eksperimental sənədli filmin nümayişini təşkil ediblər. Bu filmin qəhrəmanlarından biri də Sürəyya Muğanlı olub”, –- deyə kurator vurğulayıb.

Bildirilib ki, rəssamın həyat hekayəsi də diqqəti cəlb edib. Sürəyya Muğanlı Azərbaycanın Saatlı rayonunda doğulub yaşayan və özünəməxsus üslubu ilə seçilən qrafik-rəssamdır. Onun Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasında xüsusi xidmətləri olub. Əsərlərində Cənubi Qafqaz mifologiyasına istinadlar, Asiya və Cənubi Amerikanın bütpərəst inanclarından ilhamlanan vizual sitatlar var.

Qeyd edək ki, 2019-cu ildə yaradılmış Ta(r)dino 6 art-platforma 2021-ci ildə QHT statusu alıb. Platformanın məqsədi təkcə Azərbaycandan deyil, həm də Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyadan olan rəssamlara dəstək olmaqdır. Fəaliyyət göstərdiyi dörd il ərzində platforma İtaliya, Türkiyə, Fransa, Almaniya, Gürcüstan, Ukrayna və ABŞ-də tədbirlər keçirib.