Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) bu il bakalavr səviyyəsində 11 ixtisas üzrə 481 nəfər, magistr proqramı üzrə 94 nəfər bitirib. Bu barədə ATMU-nun “Məzun günü” mərasimində universitetin rektoru İlham Mədətov məlumat verib.

Rektor məzunları təbrik edib, onlara ixtisaslı kadr kimi gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, ATMU müxtəlif ixtisaslar üzrə bakalavriat, magistratura, doktorantura və əlavə bakalavr təhsili pilləsində kadr hazırlığını həyata keçirir. Builki məzunlarından 12 nəfər həm də ATMU-nun əməkdaşlıq etdiyi Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alıb. Ümumilikdə isə indiyədək universitet məzunlarından ümumilikdə 274 nəfər ali təhsili iki diplomla başa vurub.

Diqqətə çatdırılıb ki, ölkəmizdə ilk dəfə ATMU-da 14-22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr təkcə Azərbaycanda deyil, eləcə də Türkiyənin nüfuzlu turizm müəssisələrində peşəkar vərdişlərə yiyələnirlər. Universitet 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqə qurub.

Tələbələrlə bir yerdə olmaqdan məmnunluğunu bildirən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, ali məktəbin məzunu olmaq hər bir gəncin həyatında önəmli olduğu qədər, həm də unudulmayan hadisələrdən biridir. Dövlətimizin turizm sənayesinin inkişafına xüsusi diqqət verdiyini xüsusi vurğulayn Fuad Nağıyev peşəkar kadrlara hər zaman böyük ehtiyac olduğunu bildirib.

Tədbirdə Prezidentinin Administrasiyası Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbubullayev, Milli Məclisin deputatı İlham Məmmədov, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin böyük məsləhətçisi Asif Usubəliyev, Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin AATP üzrə koordinatoru Jens Peter və digər çıxış edənlər məzunlara təbriklərini çatdırıb, onların ölkəmizdə turizm sahəsinin sürətli inkişafına töhfə verəcəklərinə əminliklərini bildiriblər.

Mərasimdə 2022/2023-cü tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər, tədris ili üzrə universitet birincisinə isə ATMU-nun “Tələbə fəxri kitabı” təqdim edilib. Həmçinin ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin beynəlxalq proqram məzunlarına diplomlar təqdim edilib.

ATMU-nun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbir bədii hissə ilə davam edib.