Xəbər verdiyimiz kimi, avstriyalı rəssam Qustav Klimtin (1862-1918) sonuncu əsəri sayılan “Yelpikli qadın” tablosu Londondakı “Sotheby’s” auksionunda satışa çıxarılıb.

58 milyon funt-sterlinqlə başlayan hərrac bir neçə dəqiqə sürüb və 74 milyon funt-sterlinqlə (85 milyon avro) başa çatıb. Hərrac rüsumları ilə birlikdə “Yelpikli xanım”ın qiyməti 99 milyon avro olub.

Əsəri kimin aldığı bildirilməsə də, bunun Avropada keçirilən hərracların tarixində ən bahalı tablo olduğu dəqiqdir. “Sotheby’s”in Londondakı auksionunda bundan öncəki ən bahalı hərrac 2010-cu ildə keçirilmiş və Alberto Cakomettiyə (Giacometti) aid bürünc heykəl 65 milyon funta satılmışdı.

“Yelpikli qadın” tablosunu rəssam ölümündən bir qədər öncə tamamlayıb. Lakin Qustav Klimtin digər qadın portretlərindən fərqli olaraq bu əsərdə təsvir edilən xanımın kimliyini müəyyən etmək mümkün olmayıb. Bu tablo sonuncu dəfə 1994-cü ildə 11,6 milyon dollara satılıb. O vaxt kolleksiyaçı Rudolf Leopoldun satdığı əsəri almış (hazırkı satıcı) şəxsin kimliyi də açıqlanmır.