Azərbaycan

 

29 iyul 1939 – Əməkdar artist, vokal ifaçısı (bariton) Əli Həsən oğlu Haqverdiyev (1939 – 14.9.1992) Bakıda doğulub. Azərbaycan Opera və Balet Teatrının solisti olub, filmlərdə (“Dədə Qorqud”, “Şir evdən getdi”) çəkilib.

29 iyul 1982 – Şuşa şəhərində ilk dəfə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində görkəmli şairə Xudşidbanu Natəvanın abidəsinin (heykəltaraş – Həyat Abdullayeva) açılışı keçirilib. Mərasimdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev iştirak edib. 

 

30 iyul 1896 – Xalq artisti Marqarita Matveyevna Annenskaya (1896-1965) Tiflisdə doğulub. 1930-cu ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub.

30 iyul 1928 – Maarif və mədəniyyət xadimi, teatr təşkilatçısı Həbib bəy Mahmudbəyov (1864–1928) vəfat edib.

30 iyul 1942 – Tərcüməçi, ədəbiyyatşünas Fərhad Qəmbər oğlu Əliyev (1942-1996) anadan olub.

30 iyul 2018 – Prezident İlham Əliyev Xalq artisti, Dövlət mükafatları laureatı Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

31 iyul 1940 – Xalq artisti Vaqif Məzahir oğlu Əliyev (1940 – 13.8.2021) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrı yaranandan (1968) bu teatrın aktyoru olub. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışıb. Filmlərə çəkilib.

31 iyul 2017 – Prezident İlham Əliyev dünya şöhrətli müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyi haqqında sərəncam imzalayıb.

31 iyul 2019 – Əməkdar mədəniyyət işçisi, teatrşünas Kəmalə Məmməd qızı Cəfərzadə (5.8.1950 – 2019) vəfat edib.

 

1 avqust 1894 – Bakıda yazıçı, maarifçi Nəriman Nərimanovun təşəbbüsü ilə ilk müsəlman qiraətxanası – ictimai kitabxana fəaliyyətə başlayıb. Kitabxananın təşkilində S.M.Qənizadə, H.Mahmudbəyov, S.Vəlibəyov və başqa ziyalılar iştirak etmişdi. Qiraətxananın müdiri müəllim Əliiskəndər Cəfərzadə idi. Gənclərin qiraətxana ətrafında toplaşmasından ehtiyat edən hakim dairələr 1898-ci ilin oktyabrında onu “şübhəli siyasət ocağı” kimi bağladılar.

1 avqust 1896 – Əməkdar incəsənət xadimi, teatr rəssamı və qrafika ustası Həsənağa Hacağa oğlu Mustafayev (1896 – 22.4.1971) anadan olub. Opera və Balet, Musiqili Komediya və b. teatrlarda tamaşalara səhnə tərtibatı verib.

1 avqust 1908 – Ədəbiyyatşünas, professor Hidayət Əli oğlu Əfəndiyev (1908-1979) Şamaxıda anadan olub.

1 avqust 1929 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Bağır İbrahimxəlil oğlu Bağırov (1929 – 15.1.2010)  anadan olub.

1 avqust 1934 – Ədəbiyyatşünas alim, professor Xeyrulla Qulam oğlu Məmmədov (1934 – 8.9.2005) Lerik rayonu Zuvand mahalının Hoveri kəndində anadan olub.

1 avqust 1948 – Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Ələkbər Yunus oğlu Muradov (1948 – 1.8.2013) Bakıda doğulub. Filmləri: “Qaladan tapılan mücrü”, “O dünyadan salam” (operator), “Güllələnmə təxirə salınır” (rejissor) və s.

1 avqust 1961 – Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (16.4.1916 – 1961) vəfat edib.

1 avqust 1981 – Əməkdar artist Əliheydər (Heydər) Həsənzadə (1913-1981) vəfat edib. Naxçıvan Dövlət Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrlarında çalışıb, filmlərdə çəkilib.

 

Dünya

 

29 iyul 1900 – İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1974) Eyvind Gunson (Eyvind Olov Verner Johnson; 1900-1976) anadan olub.

29 iyul 1921 – Fransız rejissoru Kris Marker (Christian Bouche-Villeneuve; 1921-2012) anadan olub. Filmləri: “Uçuş zolağı”, “Günəşsiz”, “Dərinlikdə hava qırmızıdır” və s.

 

30 iyul 1511 – İtalyan memarı, rəssam və yazıçı Corco Vazari (Giorgio Vasari; 1511-1574) anadan olub.

30 iyul 1818 – İngilis yazıçısı Emili Bronte (Emily Jane Bronte; 1818-1848) anadan olub. Yazıçı Şarlotta Brontenin bacısıdır. Əsərləri: “Tufan aşırımı”, “Mənim qəlbim qorxaq deyil”.

 

31 iyul 1866 – Türk yazıçısı Xalid Ziya Uşaqlıgil (1866 – 27.3.1945) anadan olub. “Aşk-ı-memnu”, “Bir ölünün dəftəri”, “Qırıq həyatlar” və s. romanların müəllifidir.

31 iyul 1886 – Macar bəstəkarı Ferens List (Liszt Ferenc; 1811-1886) vəfat edib. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası.

31 iyul 1914 – Fransız (ispan əsilli) aktyoru Lui de Fünes (Louis Germain David de Funes de Galarza; 1914-1983) anadan olub. “Böyük gəzinti”, “Jandarm və yadplanetlilər” və s. komediya filmləri ilə məşhurlaşıb.

 

1 avqust 1819 – Amerika yazıçısı Herman Melvill (Herman Melville; 1819-1891) anadan olub. Əsərləri: “Mobi Dik” romanı, “Con Marr və digər dənizçilər” hekayələr toplusu və s.

1 avqust 1923 – SSRİ Xalq artisti, məşhur televiziya aparıcısı Valentina Leontyeva (1923-2007) anadan olub.

Hazırladı: V.Orxan