Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq fakültəsinin tələbəsi Nigar Novruzzadənin təsisçisi olduğu innovativ incəsənət platforması – “N’us Gallery” startapının təqdimat mərasimi keçirilib.

AzMİU-dan bildirilib ki, “Innoland” inkubasiya və akselerasiya mərkəzində keçirilən təqdimatda layihə haqqında geniş məlumat verilib. Bildirilib ki, platforma rəssamları, dizaynerləri, eləcə də incəsənətlə məşğul olan insanları bir çətir altında toplamaq, onlar üçün kommersiya məsələlərini daha da asanlaşdırmaq məqsədi daşıyır. Təsisçi əlavə edib ki, “N’us Gallery” dünya kreativ biznes şəbəkəsində ölkəmizi təmsil etməyi də qarşısına məqsəd qoyub.

AzMİU-nun prorektoru Orxan Naqdiyev universitetin tələbəsinin belə bir uğura imza atmasının qürurverici olduğunu deyib. Qeyd edib ki, AzMİU-da startap ekosisteminin formalaşdırılması, tələbələrin ideyalarının aşkara çıxarılması, onların uğurlarının inkubasiyaya cəlb edilməsi və innovativ mühitin yaradılması üçün davamlı işlər görülür.

Çıxış edən qonaqlar “N’us Gallery” ilə bağlı fikirlərini bildiriblər, Nigar Novruzzadə və onun komanda üzvlərinə uğurlar arzulayıblar.