Qərbi Azərbaycan İcmasında turizm obyektlərinin təmsilçiləri üçün məlumatlandırma sessiyası keçirilib.

İcmanın idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, icmanın fəaliyyəti barədə danışıb. Qeyd edib ki, Qərbi Azərbaycan barədə reallığın dünyaya çatdırılması baxımından turizm sektoru böyük önəm daşıyır. Bu istiqamətdə turizm obyektlərinin təmsilçiləri ilə birgə işlərə toxunulub.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi sədrinin köməkçisi Orxan Abbasov Qərbi Azərbaycan, onun tarixi, əhalisi, mədəniyyəti və sair mövzularla bağlı təkliflərini səsləndirib.

Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bələdçisi Şahnaz Hümbətova fikirlərini bölüşüblər.

Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, qeyri-maddi mədəni irsi, mətbəxi və ənənələri ilə bağlı məlumatların turizm sektoru vasitəsilə təbliğinin yolları barədə müzakirələr aparılıb. Səsləndirilən təkliflər qarşıdakı birgə fəaliyyət üçün qeydə alınıb.