2023/2024-cü tədris ilindən etibarən ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.

Prezident İlham Əliyev iyulun 27-də sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu sərəncamla dövlət başçısının  “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli sərəncamında dəyişiklik edilib.

Sözügedən sərəncamda təhsil haqqından azadedilmə ilə bağlı müvafiq hissəyə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin” sözləri əlavə edilib.

Həmçinin sərəncama aşağıdakı məzmunda hissə əlavə edilib:

“1-1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.”.