Olaylar, faktlar (2 – 5 avqust)

 

2 avqust Azərbaycan Kinosu Günüdür. 2 avqust 1898-ci ildə Bakıda fotoqraf və operator Aleksandr Mişonun çəkdiyi bir neçə kinosüjet nümayiş olunub. Bu əlamətdar hadisə ilə Azərbaycanda kino tarixi başlanıb. Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamına əsasən, 2 avqust “Azərbaycan Kinosu Günü” elan olunub.

5 avqust Azərbaycanda “Hərbi Donanma Günü” kimi qeyd olunur. 5 avqust 1918-ci ildə keçmiş Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi donanması təşkil olunub. Azərbaycan sovetləşəndən sonra hərbi-dəniz qüvvələri bolşevik Rusiyasının, daha sonra SSRİ-in Xəzər Hərbi Donanmasının tərkibinə daxil edilib. SSRİ-in dağılmasından sonra, 1992-ci ildə donanma Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölünüb. Prezident Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanla 5 avqust – Azərbaycanda “Hərbi Donanma Günü” kimi təsis olunub.

 

251 il əvvəl...

 

5 avqust 1772-ci ildə Polşanın (Reç Pospolita) Rusiya, Prussiya və Avstriya arasında bölüşdürülməsinə dair birinci saziş – Peterburq konvensiyası imzalanıb. Sonrakı 20 ildə Polşa bu ölkələr arasında daha iki dəfə bölüşdürüldü və Polşa dövlətçiliyinə tamamilə son qoyuldu. Polşanın dövlətçiliyi 1918-ci ildə bərpa edildi.

 

240 il əvvəl...

 

4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı) Rusiyanın himayəsinə keçməsinə dair Georgiyevsk traktatı imzalanıb. Şimali Qafqazdakı Georgiyevsk qalasında (indiki Stavropol diyarında) bağlanan saziş çar II İraklinin Rusiyaya müraciətinə əsaslanırdı. Gürcü çarlığını Osmanlı və İrandan qorumağı öhdəsinə götürən Rusiya 1801-ci ildə bölgəni özünə birləşdirdi.

 

83 il əvvəl...

 

2 avqust 1940-cı ildə Moldova SSR-in yarandığı elan edilib. Sovet İttifaqının yeni respublikası Rumıniyadan qoparılan Bessarabiya ilə Ukrayna SSR-in tərkibində olan Moldova MSSR-in (indiki Dnestryanı bölgəsini əhatə edən muxtariyyət 1924-cü ildə təşkil edilmişdi) birləşdirilməsi nəticəsində yaradılmışdı.

 

63 il əvvəl...

 

3 avqust 1960-cı ildə Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Niger müstəqilliyini elan edib.

 

33 il əvvəl...

 

2 avqust 1990-cı ildə İraq qoşunları Küveyti işğal edib, Küveyt Əmiri Cabir əl-Sabah Səudiyyə Ərəbistanına qaçıb. Səddam Hüseyn Küveyti İraqın əyaləti elan edib. ABŞ başda olmaqla beynəlxalq birlik İraqın təcavüzünə dərhal münasibət bildirdi, BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamə qəbul edildi. İraqla danışıqlar nəticə vermədi, 1991-ci ilin yanvarında İraq əleyhinə koalisiyanın “Səhrada tufan” əməliyyatı ilə təcavüzə son qoyuldu.

 

30 il əvvəl...

 

3 avqust 1993-cü ildə Bakıda ilk beynəlxalq peyk rabitə sisteminin açılışı olub. ABŞ-nin “IDB” şirkətinin quraşdırdığı kompleks Azərbaycanı beynəlxalq telekommunikasiya sisteminə qoşub. Mərasimdə Ali Sovetin sədri, Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev iştirak edib.

 

20 il əvvəl...

 

4 avqust 2003-cü ildə Milli Məclisin növbədənkənar sessiyasında ARDNŞ-nin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması barədə Prezident Heydər Əliyevin təqdimatı təsdiq edilib. Ankarada Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunan Heydər Əliyev müvafiq təqdimatı avqustun 2-də Milli Məclisə göndərmişdi. Milli Məclisin razılığından sonra Prezident Heydər Əliyevin müvafiq fərmanı ilə həmin gün İlham Əliyev Baş nazir təyin edilib.

Hazırladı: V.Orxan