Samuxun Sərkar kəndində musiqi məktəbinin yeni binası istifadəyə verilib

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfər edib. Dövlət başçısı yerlərdə həyata keçirilən infrastruktur layihələri ilə tanış olub. Bir sıra yeni müəssisələrin açılışı keçirilib.

Prezident Samux rayonunun Sərkar kəndində Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib.

Prezidentin köməkçisi Anar Ələkbərov binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Sərkar kənd musiqi məktəbinin köhnə binası 1935-ci ildə inşa olunmuş kolxoza aid birmərtəbəli tikili olub. Məktəb 2002-ci ildən burada fəaliyyət göstərib və bina ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Heydər Əliyev Fondu tərəfindən üç yüz şagird yeri olan yeni məktəb binası inşa edilib. Məktəbin ümumi ərazisi 0,5 hektar, üçmərtəbəli korpusun sahəsi isə 2500 kvadratmetrdir.

Binada 29 dərs otağı, orkestr, xor və tibb otaqları, qarderob, kitabxana, yeməkxana və akt zalı var. Təhsil ocağı zəruri mebel, avadanlıq və əyani vəsaitlə tam təchiz edilib. Binanın daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Dövlət başçısına Heydər Əliyev Fondu tərəfindən Samux rayonunun Sərkar kəndində görülmüş digər işlər barədə də məlumat verilib.

Qeyd edilib ki, kənddə yeni salınmış park istifadəyə verilib. Açıq havada idmanla məşğul olmaq üçün əlverişli imkan yaradılıb, ərazidə müxtəlif trenajorlar qoyulub. Heydər Əliyev Fondunun dəstəyi ilə Sərkar kəndində yeni tibb məntəqəsi də fəaliyyətə başlayıb. Həkim otağı, sarğı otağı və texniki otaqdan ibarət olan tibb məntəqəsi zəruri tibbi avadanlıqla təmin edilib.

Hazırda Samux şəhərində Heydər Əliyev Fondu tərəfindən 3 saylı körpələr evi-uşaq bağçası üçün də yeni bina inşa olunur.

Xatırladaq ki, Heydər Əliyev Fondu Samux rayonunda indiyədək bir sıra layihələr həyata keçirib. Fond tərəfindən Sərkar kəndində 800 şagird yerlik tam orta məktəb və körpələr evi-uşaq bağçası yenidən inşa edilərək 2020-ci ildə istifadəyə verilib. Həmin il rayonun Ziyadlı kəndində 523 şagird yerlik orta məktəb əsaslı təmir olunub, körpələr evi-uşaq bağçası üçün bina inşa edilib.