İlhamə Quliyevanın xatirəsi yad edilib

 

Avqustun 17-si müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti İlhamə Quliyevanın (1943-2016) anadan olmasının 80-ci ildönümü idi. Həmin gün Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri müğənninin məzarını ziyarət ediblər.

Çıxış edənlər sənətçinin yaradıcılığından, ifaçılıq məziyyətindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edilib ki, milli musiqimizin inkişafında böyük xidmətlər göstərmiş bir ailənin nümayəndəsi olan İlhamə Quliyeva müğənni kimi müasir musiqi mədəniyyətimizə mühüm töhfələr verib. Səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, Azərbaycan estrada sənətinə yeni nəfəs bəxş edib. O, görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınıb.

İlhamə Quliyeva milli musiqimizi ölkəmizin hüdudlarından kənarda təşkil olunan konsert proqramlarında da uğurla təmsil edib. Onun musiqi mədəniyyətimizin inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.