Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı yay düşərgəsi təşkil olunub.

Düşərgənin məqsədi uşaqların asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsini gənclər arasında təbliğ etmək, yeniyetmə və gənclərin bilik və bacarıqlarının artırılması, dostluq və vətənpərvərlik hisslərinin aşılanmasıdır.

Əvvəlcə iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla tanış olublar.

Düşərgədə Heydər Əliyevin uşaqlar haqqında aforizmlərini özündə ehtiva edən videoçarx nümayiş olunub. Sonra iştirakçılar arasında intellektual yarış keçirilib, həmçinin uşaq, yeniyetmə və gənclər müxtəlif istiqamətlərdə bacarıqlarını nümayiş etdiriblər.

***

Masallı rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, sovet dövründə həyata keçirilən ideologiya və siyasət milli kimliyin inkişafının əngəllənməsi və onun zəruri hissəsi olan milli-mənəvi dəyərlərin sıxışdırılmasından ibarət olub. Milli-mənəvi, dini dəyərlərimizə qarşı təzyiqlərin olduğu bir vaxtda Heydər Əliyev Azərbaycan xalqının kimliyinin, məfkurəsinin formalaşmasında müstəsna rol oynayıb, dini dəyərlərin dirçəldilməsi və düzgün dərk olunmasını öz siyasətinin prioritetlərindən biri hesab edib.