Cari il üçün Müstəqil Dövlətlər Birliyinin (MDB) “Mədəniyyət paytaxtı” elan edilmiş Sankt-Peterburq (Rusiya) şəhərində avqustun 20-dən 25-dək “Akademik İncəsənət Birliyi” festival-simpoziumu keçirilir. Tədbirə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları da qatılıb.

Teatrdan verilən məlumata görə, tədbir çərçivəsində təşkil olunan “Akademik incəsənət birliyi: tarix və müasirlik” mövzusunda beynəlxalq foruma sənət ocağının beynəlxalq layihələr rəhbəri Rəcəb Məmmədov dəvət alıb. O, “Azərbaycan musiqili teatrının milli ənənələri” mövzusunda məruzə ilə çıxış edəcək.

Sankt-Peterburq Dövlət Akademik Kapellasında keçiriləcək yekun qala-konsertdə isə Akademik Musiqili Teatrın gənc solisti Emin Zeynallı səhnəyə çıxacaq.

MDB ölkələrinin mədəniyyət, incəsənət, siyasət və biznes sahələrini təmsil edən ekspertlərinin də dəvət olunduğu festival-simpoziumun əsas məqsədi üzv ölkələr  arasında yaradıcılıq əlaqələrinin və mədəni əməkdaşlığı təşviq etməkdir.