Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində avqustun 17-də filologiya üzrə fəlsəfə doktoru, "Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin rəhbəri Jalə Cəfərovanın “Rəngləri danışdıran adam” kitabının və eyniadlı filmin təqdimatı keçirilib.

Tanınmış rəssam İbrahim Səfinin (İbrahim Qafar oğlu Səfiyev; 1898-1983) 125 illik yubileyinə həsr olunmuş təqdimat mərasimində mədəniyyət, ictimaiyyət, media nümayəndələri, şəhid ailələri və fırça ustasının qohumları iştirak ediblər.

Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra müəllif Jalə Cəfərova kitab və film haqqında məlumat verib. Bildirib ki, kitabda ömrünün sonuna qədər Vətənə qovuşmaq həsrəti ilə yaşayan rəssamı yaxından tanıyan insanların, dostlarının xatirələri, rəsm əsərləri, arxiv sənədləri, məktublar, ailə şəkilləri yer alıb. Naxçıvanda dünyaya göz açıb Türkiyədə də yaşayıb yaradan fırça ustasının Türkiyədə və dünyanın bir sıra ölkələrində yüzədək sərgisi təşkil edilib, əsərləri şəxsi kolleksiyaları bəzəyib. İbrahim Səfinin Mustafa Kamal Atatürkün rəsmini çəkən ilk rəssamlardan biri olmaqla da adını tarixə yazıb.

Naxçıvan MR Mədəniyyət Nazirliyi İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev kitabın İ.Səfini gənc nəsillərə daha yaxşı tanıtmaq baxımından əhəmiyyətli nəşr olduğunu deyib.

Digər çıxış edənlər də kitab və filmin rəssamın yubileyinə töhfə olduğunu bildiriblər.

Rəssamın qohumu Məhəbbət Səfiyeva ailəsi adından müəllifə minnətdarlıq edib.

Təqdimatın sonunda Jalə Cəfərova kitabın və filmin ərsəyə gəlməsində əməyi olanlara İB-nin təşəkkürnamələrini təqdim edib.

Bədii hissədə Naxçıvan Dövlət Filarmoniyası Mahnı və rəqs ansamblının ifasında musiqilər səsləndirilib. Aktyorlar tərəfindən rəssamla bağlı səhnəcik nümayiş etdirilib.

Tədbirin sonunda qonaqlara kitab təqdim edilib və xatirə şəkilləri çəkilib.