140 min kvadrat kilometr meşə ərazisi yanıb...

 

Ərazisinə görə dünyanın ikinci (Rusiyadan sonra) ölkəsi olan Kanada (9,9 milyon kvadrat kilometr) bu il tarixinin ən irimiqyaslı meşə yanğınları ilə üzləşib. Meşə sahələrinin genişliyi ilə də dünya ikincisi olan ölkənin (bayrağında da ağcaqayın yarpağı təsvir edilib) ərazisində bu il ümumilikdə 5700-dən çox meşə yanğını qeydə alınıb.

İlin əvvəlindən ölkə üzrə ümumilikdə 14 milyon hektar (140 min kvadrat kilometr) meşə ərazisi yanıb. Yanğınlar Britaniya Kolumbiyası əyalətində xüsusilə geniş yayılıb.

Əyalətin baş naziri David Eby deyib ki, yanğın bölgəsindən 15 min insan təxliyə edilib. Qarşıdakı günlərdə son dərəcə çətin vəziyyət gözlənilir.

Avqustun 16-da Kanadanın şimal-qərb bölgəsində fövqəladə vəziyyət elan edilib və Yellounayfda 20 min insanın təxliyəsinə başlanılıb. Kanada Qurumlararası Vəhşi Yanğın Mərkəzinin (CIFFC) məlumatına görə, 200-dən çox yerdə yanğınlar nəzarət altına alınıb, amma hələ 600-dən çox yerdə davam edir.