Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycanın Bütövlüyü Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi “Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması” layihəsi çərçivəsində yazıçı-publisist Yunus Oğuzun “Cığır” tarixi romanının təqdimatı keçirilib. Roman Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunub.

Kitabxananın direktoru Aslan Cəfərov Azərbaycanın yeni tarixinin ən şanlı səhifəsi olan  Vətən müharibəsindən bəhs edən əsərlərin əhəmiyyətindən danışıb. Zəfərimizin tacı, mədəniyyətimizin beşiyi olan Şuşanın tarixinin, irsinin təbliği istiqamətində atılan hər bir addımın önəm kəsb etdiyi, “Cığır” romanının bu mənada dəyərli bədii əsər olduğu vurğulanıb.

Romanın redaktoru yazıçı, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli müharibə mövzusunda yazmağın çətinliyindən bəhs edərək müəllifin bu əsərdə yaratdığı obrazlar vasitəsilə qəhrəmanlığın yüksək səviyyədə tərənnüm edildiyini bildirib.

Şair, tərcüməçi Elxan Zal, yazıçı Əyyub Qiyas, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev əsərlə bağlı fikirlərini bölüşüblər. Yunus Oğuzun milli dəyərlərə bağlı yazıçı olduğu, romanda da bu dəyərlərin, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəviyyatın ustalıqla təsvir edildiyi qeyd olunub.

Sonda müəllif tədbirin Gənclər Kitabxanasında təşkil olunmasından məmnunluq hissi duyduğunu vurğulayıb və minnətdarlığını bildirib.