Aşıq sənəti tarixən xalqın ruhunu, zövqünü oxşamaqla yanaşı, insanları düşündürən, narahat edən məsələləri də gündəmə gətirib. Aşıqlar eldən-elə dolaşaraq həm də insanların yaddaşını təzələyib, xalqın deyim-duyumlarını təbliğ edib. Ona görə də mahal-mahal gəzən sənətkarlar yaradıcılıq axtarışlarında olub, xalqın qarşısına hazırlıqlı çıxmağa çalışıblar. Bu il 130 yaşı tamam olan görkəmli saz-söz ustadı, Əməkdar incəsənət xadimi Aşıq İslam da belə sənətkarlarımızdandır.

İslam Qara oğlu Yusifov 1893-cü ildə İrəvan quberniyasının Basarkeçər elinin Ağəli kəndində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərib. El şənliklərində aşıq ifalarının pərəstişkarı olub.

İslam ustad sənətkarlardan dərs almaq məqsədilə 1916-cı ildə Şəmkir elinə gəlir. Aşıq Çoban Hüseynin oğlundan sənətin sirlərini öyrənir. Bir müddət sonra doğma yurdu Basarkeçərə dönür. Çox keçmir şaqraq və məlahətli səsi ilə xalqın sevimlisinə çevrilir. El şənliklərinin yarı-yaraşığı olur. Sənətinin şöhrəti yaxın-uzaq ellərə yayılır. Qərbi Azərbaycan ellərinin toy şənliklərinə dəvət olunur. 1920-ci illərdən başlayaraq Bakıda müxtəlif tədbir və konsertlərə dəvətlər alır. 1928-ci ildə Azərbaycan aşıqlarının birinci qurultayına qatılır.

Yaradıcı sənətkar olan Aşıq İslam ifaçılıqla yanaşı, qoşma, gəraylı və təcnislər qələmə alır. 1934-cü ildə Zaqafqaziya xalq incəsənəti və birinci Azərbaycan kənd bədii özfəaliyyət olimpiadalarında uğurlu çıxışlarına görə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif edilir. 1938-ci ildə Moskvada ilk dəfə keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün də iştirakçısı olur. 1939-cu ildə isə Moskva Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin açılışında çıxış edir.

Onun təşəbbüsü ilə 1937-ci ildə Gəncədə aşıqlar ansamblı yaradılır. Ansamblın ifası üçün “Qəmərcan”, “Yaşa-yaşa, Azərbaycan” və s. mahnıları yazır. Dahi bəstəkar Üzeyir Hacıbəyli onun təşəbbüsünü təqdirlə qarşılayır.

Görkəmli sənətkarın əməyi hökumət tərəfindən yüksək qiymətləndirilir, 1940-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür. 1959-cu ildə isə “Qırmızı əmək bayrağı” ordeni ilə təltif edilir. O, həmçinin SSRİ Yazıçılar İttifaqının üzvü olub.

Aşıq İslam qəhrəmanlıq və məhəbbət dastanlarımızın ən yaxşı ifaçılarından sayılıb. 20-dən artıq dastan, 500-dən çox aşıq şeiri bilən sənətkarın el şənliklərində ən çox söylədiyi isə “Koroğlu”, “Şah İsmayıl və Gülzar”, “Aşıq Valeh və Zərnigar”, “Aşıq Qərib və Şahsənəm” dastanları olub.

Elvin Mustafayev araşdırmasında yazır ki, Respublika Xalq Yaradıcılığı Evinin 1957-ci ildə buraxdığı “Aşıqlar” kitabında Aşıq İslamın “Bu gün”, “Sülh nəğməsi” və s. şeirləri yer alıb. Tanınmış türk şairi Nazim Hikmət 1960-cı ildə Gəncədə qonaq olarkən onu qarşılayanlar arasında Aşıq İslam olub. Aşıq sədəfli sazı ilə şairin qarşısında “Ürfani” havasını ifa edib.

Aşıq doğulduğu yurdun varlığı ilə nəfəs alıb. Bir gün könlünə doğma ellərə baş çəkmək düşür. Göyçəyə gələn aşığın qəlbi qubar eləyir:

Könül arzuladı, gəldim Göyçəyə,
Xoş hava olması yadıma düşdü.
Mərd igidlər Ağbulağın üstündə
Alaçıq qurması yadıma düşdü.

Alaçıq quruldu dərmə bağınan
Gözəllər yığnağı ləbi-balınan.
Aşıq yığnağından xoş avazınan,
Sorub-soruşması, yadıma düşdü.

II Dünya müharibəsi illərində Aşıq İslam dəfələrlə cəbhədə olub, döyüşçülərin qarşısında çıxışlar edib. Onları qəhrəmanlığa ruhlandıran mahnılar ifa edib:

Söylənsin tarixdə bizim bu dastan,
Şığıyır düşmənə min qızıl aslan.
Faşistlər qurtarmaz heç zaman yastan
Onların sırasın pozuram bu gün!

Yaradıcılığında ictimai motivli mövzulara da geniş yer ayıran aşıq şeirlərinin bir qismini Nizami Gəncəvi, Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Qurban Pirimov kimi sənətkarlara həsr edib. O, eyni zamanda dövrünün tanınmış aşıqları haqqında araşdırmalar aparıb, yaradıcılıqlarını təbliğ edib. Bu mənada onun Aşıq Ələsgər, Növrəs İman, Aşıq Hüseyn, Aşıq Çoban, Aşıq Dövlət və başqaları ilə bağlı  tədqiqatları vardır. Aşıq İslamın şəxsi arxiv fondunda saxlanılan materiallar bu sənətin dərindən öyrənilməsi və tədqiqi baxımından yaxşı mənbədir.

Uzun müddət özünün təşkil etdiyi Gəncə aşıqlar ansamblına rəhbərlik edib. Ukraynalı şair Oles Yurenko ilə dostluq və yaradıcılıq əlaqələri olub. Şair Gəncə şəhərində olarkən aşıqla birlikdə şəkil çəkdirib. Kitablarından ikisini avtoqrafla Aşıq İslama bağışlayıb.

Ömrünü saz və söz sənətinin yayılmasına və inkişafına həsr edən Aşıq İslam 7 dekabr 1968-ci ildə vəfat edib.

Savalan Fərəcov