Tovuz Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Azərbaycan Aşıqlar Birliyi (AAB) və Tovuz Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə ustad aşıqlar, Əməkdar mədəniyyət işçiləri  Əkbər Cəfərovun (1933-1990) 90, Əlixan Niftəliyevin (1943-2022) 80 illiyinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı yubiley tədbiri keçirilib.

Tovuz rayon Nizami adına Mədəniyyət evində reallaşan tədbirdə çıxış edən AAB sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı hər iki ustadın bənzərsiz sənətkarlıq xüsusiyyətlərindən söz açıb. Deyib ki, bu iki sənətkar Azərbaycan aşıq sənətini təkcə Tovuz və ölkə miqyasında deyil, bütövlükdə Türk dünyasında ləyaqətlə təmsil ediblər: “Əkbər Cəfərov Mirzə Bayramov və Əsəd Rzayev kimi böyük ustadların sənət ənənəsini davam etdirib. Əlixan Niftəliyev də Azərbaycan aşıqlığını hər yerdə ləyaqətlə təmsil edib”.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov son zamanlar ölkəmizdə aşıq sənətinə göstərilən qayğı və diqqətdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Tovuz rayonunda aşıq sənəti muzeyinin yaradılması bu diqqətin təzahürüdür.

Milli Məclisin deputatı Arzu Nağıyev, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Musa Süleymanov və başqaları çıxış edərək saz-söz sənətkarları Ə.Cəfərov və Ə.Niftəliyevin Azərbaycan aşıq sənətinə verdikləri töhfələrdən danışıblar.

Yubiley tədbiri aşıqların ifaları ilə davam edib.

Sonda rəssam Fərman Hüseynov aşıq Əkbər Cəfərovun portretini onun ailəsinə bağışlayıb.