Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutu İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin ikicildlik “Sufi fenomenologiya” monoqrafiyası işıq üzü görüb.

AMEA-dan verilən məlumata görə, elmi tədqiqatda ruhani təcrübə ilə şüur təcrübəsinin vahid strukturu işığında varlıq probleminə və idrak nəzəriyyəsinə nəzər salınır, antik yunan dövründən başlayaraq filosofların əsərlərinə, hətta dəqiq elmlərə, kvant fizikasına müraciət olunur.

Monoqrafiyada həm müqəddəs kitablara, həm də elmi dəlillərə müraciət edilir, ruhani təcrübəyə və rasional şüura istinad edən düşüncələr əsaslandırılır. Tədqiqatda tanınmış filosof, fenomenologiyanın təməlini qoyan Edmund Husserlin “Saf fenomenologiya və fenomenoloji fəlsəfə haqqında ideyalar” əsəri nümunə olaraq götürülüb. Birinci cildi sufi fenomenologiyaya girişi və yeni fəlsəfənin əsaslarını, ikinci cildi isə sufi fenomenoloji metodologiya və ağıl haqqında mülahizələri, təhlilləri ehtiva edir.