Sentyabrın 18-dən 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

2009-cu ildə əsası qoyulan festivalın bu il zəngin proqramı var. Festival çərçivəsində Bakıda, eləcə də Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.

Festivalın Milli Musiqi Gününə təsadüf edən ilk günü – sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. Bakıdakı Fəvvarələr meydanında isə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək.

Həmin gün axşam Heydər Əliyev Sarayında böyük bəstəkar Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olunacaq.

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bu il yeniyetmə və gənclər üçün xüsusi layihələrlə də yadda qalacaq. Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş xalq çalğı alətləri orkestri Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, gənc istedadların iştirakı ilə bədii proqramlar təşkil olunacaq.

Festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə məşhur müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək və arzu edən hər kəs bu formata qoşula biləcək.

ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən musiqiçi və kollektivlərin də qatılacağı festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyası və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.