Tanınmış jurnalist, tərcüməçi, diplomat Ənvər Nazim oğlu Məmmədov sentyabrın 7-də Moskvada 100 yaşında dünyasını dəyişib.

1923-cü il avqustun 15-də Bakıda dünyaya gəlmiş Ənvər Məmmədovun bütün həyatı ovaxtkı ittifaqın paytaxtı Moskva ilə bağlı olub.

II Dünya müharibəsi zamanı hərbi tərcüməçi kursunu bitirmiş Ə.Məmmədov SSRİ Xarici İşlər Xalq Komissarlığında işləyib. Müharibədən sonra, 1945-ci ildə faşist Almaniyasının rəhbər şəxsləri üzərində başlanan Nürnberq məhkəmələrində tərcümə agentliyinin rəis müavini olub. 1950-1956-cı illərdə SSRİ Radio Komitəsinin xarici dillərdə proqram baş redaksiyasının baş redaktoru vəzifəsində çalışıb.

1956-1959-cu illərdə Sovet İttifaqının ABŞ-dakı səfirliyinin müşaviri, orada çap olunan “USSR” jurnalının baş redaktoru olub. 1959-1960-cı illərdə – “Sovinformburo”nun baş redaktoru, sədrin birinci müavini, 1961-ci ildən “Novosti” Mətbuat Agentliyi (APN) sədrinin birinci müavini vəzifəsini tutub. 1962-1985-ci illərdə SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini, 1986-1992-ci illərdə APN-də siyasi icmalçı, məsləhətçi olub, uzun müddət “RİA Novosti” xəbər agentliyinin baş redaktorunun müşaviri işləyib. Yaşı 90-ı haqladıqdan sonra da agentlikdə məsləhətçi olaraq çalışıb.

İngilis, alman, italyan və fransız dillərini bilirdi.

Keçmiş SSRİ-nin, Rusiyanın bir sıra dövlət təltiflərinə layiq görülüb.

Oğlu Georgi Məmmədov da uzun illər diplomatik xidmətdə çalışıb, Rusiya xarici işlər nazirinin müavini olub.