Sentyabrın 5-də Milli Azərbaycan Tarixi Muzeyində (MATM) 17-ci Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru Konfransı keçirilib.

MATM, Aydın Adnan Menderes və Konya Səlcuq universitetləri (Türkiyə), eləcə də AMEA-nın birgə təşkil etdiyi tədbir hibrid formatda (əyani və onlayn) gerçəkləşib. Konfransa Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Ukrayna, İran, Rusiya, Moldova, Hindistan və digər ölkələrdən alim-tədqiqatçılar qatılıb.

Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu cür tədbirlərin  elmi, ədəbi, mədəni əlaqələrin inkişafında rolunu qeyd edib.

Muzeyin baş direktoru akademik Nailə Vəlixanlı, muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, Aydın Adnan Menderes Universitetinin professoru Ahmet Aytaç, Səlcuq Universitetinin professoru Osman Kunduracı türk sənəti, tarixi və folklorundan bəhs ediblər.

Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və digər ölkələrdən olan alimlərin mövzu üzrə məruzələri dinlənilib, müzakirələr aparılıb.