29 ölkədən 200-dən çox layihə təqdim olunub

 

Azərbaycan Memarlar İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 4-6 oktyabr tarixlərində VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Memarlar İttifaqından bildirilib ki, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən ənənəvi müsabiqə bu il Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Müsabiqə 7 nominasiya üzrə keçirilir:

  • İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
  • Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
  • Həyata keçirilmiş ən yaxşı interyer;
  • Həyata keçirilməmiş ən yaxşı layihə;
  • Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
  • Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
  • Memarlıq sahəsində ən yaxşı nəşr.

Oktyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqəyə təqdim olunan işlərin sərgisinin açılışı və mətbuat konfransı keçiriləcək. Münsiflər heyətinin iclası 4-5 oktyabrda olacaq, qaliblərin elan olunması mərasimi isə 6 oktyabr tarixinə nəzərdə tutulub.

VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər heyətinin tərkibi: Deniz İncedayı (Türkiyə), Kevin Bingham (Cənubi Afrika Respublikası), Divya Kush (Hindistan), Giuseppe Cappochin (İtaliya), Léo Orellana (Çili), Elbay Qasımzadə (Azərbaycan).

Müsabiqəyə daxil olan layihələrin coğrafiyası dünyanın bütün qitələrində getdikcə daha çox ölkəni əhatə edir. Altıncı müsabiqəyə 29 ölkənin memarları tərəfindən 200-dən çox layihə təqdim olunub.

Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin əsası 2013-cü ildə qoyulub. Müsabiqə iki ildən bir keçirilir. Ötən beş müsabiqədə dünyanın 53 ölkəsindən memarlar 1000-dən çox layihə ilə iştirak ediblər. Bu müsabiqələrdə Portuqaliya, Fransa, ABŞ, Sloveniya, Gürcüstan, Yaponiya, Rusiya, Mərakeş, Xorvatiya, İtaliya, Banqladeş, İspaniya, Ukrayna, Almaniya, Vyetnam, Sinqapur, Qırğızıstan, Yunanıstan, Malayziya, Cənubi Afrika, Misir, Çin, İran, Keniya, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Rumıniya, Polşa, Hindistan və Azərbaycandan memarlar qalib olublar.