Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 15-də görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açacaq.

Teatrdan bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.