Sentyabrın ilk günlərində Bolqarıstanın qədim Küstendil şəhərində ənənəvi olaraq “Struma səhnələri” beynəlxalq festivalı keçirilir. Struma (Karasu) çayı yaxınlığında yerləşən Küstendil Osmanlı-türk tarixi izlərinin, müxtəlif tikililərin də olduğu şəhərdir.

Küstendil meriyası, “Presto” musiqi evi və “Bratstvo 1869” icma mərkəzinin təşkilatçılığı ilə keçirilən builki festival çərçivəsində Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzi tərəfindən “Azərbaycan – yaxın və kəşf edilməmiş” adlı fotosərgi açılıb. Festivalda həmçinin Yunanıstan, Avstriya, İsveçrə, Çin, Mərakeş və digər ölkələrin nümayəndələri iştirak edirlər.

Açılış mərasimində çıxış edən festivalın direktoru Nadejda Dimitrova bu cür mədəni tədbirlərin region üçün vacibliyini vurğulayıb.

Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska çıxış edərək 2023-cü ildə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinin, Sofiya Universitetinin nəzdindəki mərkəzin isə 10 illiyinin qeyd edildilyini bildirib. Sərginin bu yubileylərə həsr edildiyi diqqətə çatdırılıb. Direktor bu şəkillərin 2013-cü ildən Azərbaycanda yaşayan peşəkar bolqar fotoqraf və yazıçı  Aureliya Nəsirova tərəfindən çəkildiyini deyib.

Açılış mərasimində Sofiya Universitetinin türkologiya ixtisası üzrə tələbəsi Melisa Ramadan milli geyimdə Azərbaycan rəqsini ifa edib.

“Struma səhnələri” festivalı sentyabrın 9-dək davam edəcək. Azərbaycan təbiətini və mədəniyyətini Küstendil şəhəri sakinlərinə və qonaqlarına təqdim edən sərgi “Bratstvo 1869” icma mərkəzində festivaldan sonra da nümayiş olunacaq.