Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində xalçalarımızın sərgisi təşkil edilib. Sərgi Azərbaycanın Almaniyadakı Səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Səfirlikdən verilən xəbərə görə, sərginin açılış tədbirində Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin diplomatları, yerli ictimaiyyətin, Almaniyada yaşayan azərbaycanlı, türk və digər icmaların nümayəndələri iştirak edib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək ölkəmizdə xalçaçılığın  qədim tarixə malik olduğunu, bu sənətin inkişafına dövlət tərəfindən xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.

“Azərxalça” ASC-nin İdarə heyətinin sədri Əməkdar incəsənət xadimi Emin Məmmədov qurumun fəaliyyətindən söz açıb. O, Azərbaycan xalq-tətbiqi sənəti və onun mühüm qolu olan xalçaçılığın milli mədəniyyət tariximizdə özünəməxsus yer tutduğunu vurğulayıb, sərgidə nümayiş olunan Qarabağ, Qazax, Naxçıvan, Şirvan xalçaçılıq məktəblərinə aid olan nümunələrdən bəhs edib.

Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman da çıxış edib. O, fəaliyyəti dövründə Azərbaycanda xalçaçılıq sənəti ilə bağlı əldə etdiyi təəssüratı tədbir iştirakçıları ilə bölüşüb.

Sərgi zamanı qonaqlar üçün Qarabağ xalçasının toxunma prosesi də nümayiş olunub, onlara hanada öz ilmələrini atmaq imkanı yaradılıb. Qarabağ xalçasının toxunma prosesində iştirak edən hər kəsə “Azərxalça” ASC-nin xüsusi sertifikatı da təqdim olunub.

Tədbir çərçivəsində iştirakçılara Heydər Əliyev Fondu tərəfindən nəfis tərtibatda və alman dilində hazırlanmış Azərbaycanda xalçaçılıq sənəti haqqında nəşrlər paylanılıb, Azərbaycan xalçaçılıq sənətindən, ölkəmizin tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub.

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan sərgi sentyabrın sonunadək ziyarət üçün açıq olacaq.