İşğaldan azad edilmiş Xocavənd rayonunun Tuğ kəndi ərazisindəki ölkə əhəmiyyətli memarlıq abidələri olan Alban məbədi (1197-ci il, Tuğ kəndi) və Qırmızı məbəd (1000-ci il, Tuğ kəndi) yeni yaradılan  “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun tərkibinə daxil edilib.

Bundan əlavə, kəndin ərazisindəki yerli əhəmiyyətli memarlıq abidələri – iki məbəd (XIII əsr və 1747-ci il) və bir körpü (XVIII əsr, kəndin yaxınlığında) də qoruğun tərkibinə daxil edilib.

Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. Baş nazir Əli Əsədov tərəfindən 6 sentyabrda imzalanan qərarla “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında və Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsində müvafiq dəyişikliklər edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev 16 iyun 2023-cü il tarixində Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.

Sərəncamla Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilib. Nazirlər Kabinetinə qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etmək, maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görmək, Dövlət Turizm Agentliyinə qoruğun idarə olunmasını təmin etmək tapşırılıb.