Füzuli və Ağdam rayonlarının iki kəndi...

 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur. Bu istiqamətdə bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Bu layihə çərçivəsində ən önəmli komponentlərdən biri də “ağıllı kənd” və “ağıllı şəhər”lərin tikintisidir. Məlumdur ki, ilk belə kənd Zəngilan rayonunun Ağalı kəndində salınıb və sakinlərin istifadəsinə verilib. Növbəti belə bir kənd isə Füzuli rayonunun Dövlətyarlı kəndində tikiləcək.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, Dövlətyarlı kəndində layihələndirilmə işləri yekunlaşmaq mərhələsindədir. Kənddə bir ay ərzində torpaq işlərinə başlanılacaq. Dövlət satınalmaları proseduru artıq işə başlayıb.

Emin Hüseynov qeyd edib ki, bu istiqamətdə üçüncü belə bir layihə Ağdam rayonunun Baş Qərvənd kəndində reallaşacaq. Digər əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin Slovakiya mütəxəssisləri tərəfindən layihələndirilərək “ağıllı kənd” kimi bərpa olunması nəzərdə tutulur: “Bu layihə də Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək. Amma burada məhz Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən bir sıra ölkələrdə infrastruktur sahəsində tətbiq olunan “ağıllı” həllər həyata keçiriləcək. Hesab edirik ki, bu da bərpa prosesində baş verən yeniliklərdən biridir”.

Layihə çərçivəsində Baş Qərvənd kəndinin ərazisi 470 hektardır. Kəndə birinci mərhələdə 917, növbəti mərhələdə isə 600 ailənin köçürülməsi nəzərdə tutulub.