Şəhərsalma məsələləri üzrə işçi qrupu ilk dəfə Kəlbəcərdə toplanıb

 

Sentyabrın 7-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə işçi qrupunun Kəlbəcər şəhərində iclası keçirilib.

Toplantıda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, İdarələrarası Mərkəzin katibliyinin rəhbəri Nüsrət Süleymanov və Şəhərsalma məsələləri üzrə işçi qrupunda təmsil olunan qurumların nümayəndələri iştirak ediblər.

İclasda Kəlbəcər rayonunda aparılan şəhərsalma fəaliyyəti və layihələndirmə işləri haqqında ətraflı məlumat verilib, daxili yol-küçə şəbəkəsinin planlaşdırılması, yaşayış məntəqələrinin elektrik enerjisi və su ilə təminatı, eləcə də digər infrastruktur obyektlərinin bərpası istiqamətində görüləcək işlər, bölgənin turizm potensialının inkişafı məsələləri müzakirə edilib. İşçi qrupunun bir qayda olaraq işğaldan azad olunmuş şəhərlərimizdə toplandığını diqqətə çatdıran Namiq Hümmətov Kəlbəcərdə ilk belə tədbirin keçirildiyini vurğulayıb.

 

2026-cı ilədək 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək

 

İclasda məlumat verilib ki, Kəlbəcər şəhərinin Baş planı hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Ölkə rəhbərliyinin göstərişləri əsasında inkişaf konsepsiyasına uyğun olaraq rayon infrastrukturu sürətlə yenilənməkdədir. Cari ildə dövlət başçısı tərəfindən Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, 960 şagird yerlik orta məktəb binasının, habelə rayonun Zar, Zallar və Yanşaq kəndlərinin təməli qoyulub. Qeyd edilənlərin layihələndirməsi ilə yanaşı, İstisu qəsəbəsində mehmanxana kompleksi və su istehsalı zavodu tikilir.

Mövcud plan üzrə 2023-cü ildə Kəlbəcər rayonunda daha 7, 2024-cü ildə isə 4 yaşayış məntəqəsinin layihələndirilmə işləri aparılacaq. Ümumilikdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.

Həmçinin bildirilib ki, işğaldan azad edilmiş torpaqlarda yaşayış ərazilərinin minalardan təmizləmə prosesi də sürətlə davam etdirilir.  2023-cü ilin 8 ayı ərzində rayonda yaşayış məntəqələri torpaqları üzrə təxminən 1105 hektar sahədən 653 hektarı minalardan təmizlənib.

İnfrastruktur məsələlərinə gəldikdə, Kəlbəcər şəhərində yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində ümumi uzunluğu 27,08 km olan yol-küçə şəbəkəsinin hazırda 18,87 km-lik hissəsinin layihələndirildiyi qeyd olunub.

Eyni zamanda Kəlbəcər rayonunda 2026-cı ilə qədər təxminən 2000 ədəd fərdi yaşayış evinin və 1500 ədəd mənzilin – ümumilikdə 3500 ədəd evin tikilərək istismara verilməsi nəzərdə tutulur.

İclasdan sonra işçi qrupunda təmsil olunan qurumların nümayəndələri Kəlbəcər şəhərində inşası aparılan ilk yaşayış məhəlləsinə baxış keçiriblər.