Prezident İlham Əliyev: “Biz hər zaman bir-birimizin yanında olmalıyıq”

 

İki aydan sonra türk dövlətlərinin başçıları səviyyəsində zirvə görüşü keçiriləcək. İndi zirvə görüşünə böyük hazırlıq işləri gedir, o cümlədən fövqəladə halların idarə edilməsi istiqamətində də işlər gedir. Çünki hamımız yaxşı bilirik ki, son vaxtlar bölgəmizdə və bütövlükdə dünyada fövqəladə halların sayı kəskin artıb. Bunun bir çox səbəbləri var. Ancaq fakt odur ki, bu gün misli görünməmiş ölçüdə daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib.

Prezident İlham Əliyev bunu sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçılarını qəbul edərkən deyib.

Qəbulda Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, eləcə də Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprin aidiyyəti nazirliklərinin rəhbərləri iştirak ediblər.

Dövlət başçısı fürsətdən istifadə edərək bu ilin 6 fevralında Türkiyədə dəhşətli zəlzələdə həlak olanların xatirəsini hörmətlə anaraq, qardaş dövlətə bir daha başsağlığı verib.

“Bildiyiniz kimi, Azərbaycan ilk saatlardan, ilk dəqiqələrdən bu dəhşətli zəlzələ ilə bağlı öz səylərini göstərmişdir. Hazırda Qəhrəmanmaraş şəhərində Azərbaycan dövləti tərəfindən inşa ediləcək şəhərciyin son parametrləri müəyyən edilir və yaxın zamanlarda biz inşaata başlayacağıq”, – deyə İlham Əliyev əlavə edib.

Prezident vurğulayıb ki, Azərbaycanın bu istiqamətdə kifayət qədər təcrübəsi var. Son illər ərzində maddi-texniki bazamızın möhkəmləndirilməsi istiqamətində işlər aparılıb, xilasedicilərin peşəkarlığı artıb. Bütövlükdə müxtəlif bölgələrdə, o cümlədən Türk dünyası ölkələrində apardığımız xilasedici missiyalarımız əyani şəkildə bizim imkanlarımızı və niyyətimizi göstərir: “Biz hər zaman bir-birimizin yanında olmalıyıq, Türk Dövlətləri Təşkilatının inkişafı ilə bağlı bütün üzv ölkələr öz dəyərli töhfələrini verirlər, o cümlədən Azərbaycan. Azərbaycan bu təşkilatın güclənməsinə hər zaman öz dəstəyini əsirgəməmişdir və bizim xarici siyasət prioritetləri arasında təşkilata üzv ölkələrlə əlaqələr birinci yer tutur”.

Dövlət başçısı daha sonra deyib: “Türk dünyası böyük bir ailədir və şadam ki, son illər ərzində bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir. Təbii ki, növbəti illərdə də bu dəstək göstərilməlidir. Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada, əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni, bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır. Bir daha demək istəyirəm ki, Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə birinci dərəcəli vəzifədir...”.

Prezident Bakıda görüşdə ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsinin iştirak etməsini də xüsusi vurğulayıb: “Şimali Kipr naziri burada müşahidəçi kimi, amma eyni zamanda, öz bayrağı ilə təmsil olunur. Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır. Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur və çox sevindirici haldır ki, son Zirvə görüşündə Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi seçilmişdir. Bu münasibətlə bütün türk qardaşlarımızı ürəkdən təbrik edirəm. Bu, bir daha bizim birliyimizi göstərir, bir daha iradəmizi göstərir. Onu göstərir ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq”.

Xatırladaq ki, 2022-ci il noyabrın 11-də TDT-nin Səmərqənddə keçirilən 9-cu zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyəti təşkilata müşahidəçi üzv qəbul edilib.

TDT-nin növbəti, 10-cu zirvə toplantısının Qazaxıstanda keçirilməsi nəzərdə tutulur.