Azərbaycan-Çin mədəni əlaqələrinin inkişafı üçün mühüm zəmin var

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə geniş nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında səfərdədir.

Sentyabrın 6-da Azərbaycan nümayəndə heyəti Çinin Qansu vilayətinin Dunhuan şəhərində təşkil olunan 6-cı Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimində iştirak edib.

Nümayəndə heyəti əvvəlcə mədəni turizm sərgisi ilə tanış olub. Burada Çinin İpək Yolu boyunca yerləşən bölgələrinin tarixinə, mədəni irsinə, İpək Yolunun mədəni əlaqələrdəki roluna, “Bir kəmər, bir yol” ölkələrinin mədəni əməkdaşlığına dair eksponatlar, fotolar, rəsm əsərləri və kitablar nümayiş etdirilib.

Sərginin açılış mərasimində Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley, partiyanın Qansu vilayəti komitəsinin katibi Hu Çanşen, Çin Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun və digərləri çıxış ediblər. Çıxışlarda tədbirin əhəmiyyətindən, tarixi İpək Yolu üzərində yerləşən ölkələr və xalqlar arasında mədəni mübadilənin əməkdaşlığa töhfə olacağından söz açılıb.

Qeyd edək ki, İpək Yolu Beynəlxalq Mədəniyyət Sərgisi Çin Kommunist Partiyası MK-nın və Dövlət Şurasının (Nazirlər Kabineti) birgə qərarı ilə 2016-cı ildən hər il Dunhuan şəhərində keçirilir. Sərginin təşkilatçıları Qansu Vilayəti Xalq Hökuməti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mətbuat, Nəşr, Radio, Film və Televiziya İdarəsi, Milli Turizm Administrasiyası və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasıdır.

Builki sərgidə dövlət rəsmiləri, ictimai xadimlər, incəsənət adamları da daxil olmaqla 1200-dən çox yerli və əcnəbi nümayəndə iştirak edib. İki gün davam edən sərgi çərçivəsində forum, konfrans, seminar, simpozium, görüş və konsert proqramları təşkil olunub.

Nazir Adil Kərimli tədbir çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley və Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun ilə görüşüb.

 

Azərbaycan İpək Yolu irsinin qorunmasına böyük əhəmiyyət verir

 

Sentyabrın 6-da Dunhuan şəhərində Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisi çərçivəsində “İpək Yolu mədəni irsi və yeni sivilizasiya formasının qurulması” mövzusunda forum keçirilib.

Azərbaycanın mədəniyyət naziri forumda çıxış edib. Bu mötəbər tədbirə dəvətə və yüksək qonaqpərvərliyə görə təşkilat komitəsinə təşəkkürünü bildirən Adil Kərimli Çinə səfərinin çox məhsuldar və yaddaqalan olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, İpək Yolu boyu xalqların milli-mədəni dəyərlərinin qorunub saxlanılması, ənənələrə və birgə məqsədlərə sadiqlik xüsusilə qloballaşma dövründə dünya sivilizasiyasının sabitliyi və tərəqqisinə böyük töhfə verir.

Vurğulanıb ki, tarixən İpək Yolu boyunca əlaqənin təmin edilməsinə mühüm töhfələr verən Azərbaycan keçmişdəki missiyasını bu gün də davam etdirir: “Azərbaycan Böyük İpək Yolu ilə bağlı çoxsaylı beynəlxalq konfranslara ev sahibliyi edib və iri regional infrastruktur layihələrinin təşəbbüskarı olub. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çindən Qərbə daşımalar üçün əlverişli marşrut təklif edir. Eyni zamanda Azərbaycanda İpək Yolu mədəni irsinin qorunub saxlanılmasına böyük əhəmiyyət verilir. Tarixi abidələrin qorunmasını təmin etmək üçün müvafiq qanunvericilik bazası yaradılıb, institusional addımlar atılıb. Azərbaycan həm də UNESCO-nun “İpək Yolu” proqramının fəal üzvüdür”.

Azərbaycanın mədəniyyətlərarası dialoqa da xüsusi önəm verdiyini diqqətə çatdıran nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” haqqında məlumat verib. Deyib ki, hazırda BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İCESCO-nun tərəfdaş olduğu “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair qlobal platformaya çevrilib.

Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.

 

Çin səhnəsində “Qarabağ” və “Şuşanın dağları”

 

Forumda digər nümayəndələrin çıxışlarından sonra bədii proqram təqdim olunub. Nümayəndə heyətində yer alan incəsənət ustalarımız da maraqlı proqramla çıxış ediblər.

Konsertdə Əməkdar artist İlkin Əhmədov “Xudayar təsnifi”ni, xanəndə Günay İmamverdiyeva “Şuşanın dağları” mahnısını səsləndirib. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri İnarə Zeynalova və Aydəmir Aydəmirov “Naz eləmə” rəqsini ifa ediblər.

Konsert proqramı Günay İmamverdiyeva-İlkin Əhmədov duetinin ifasında Bəhram Nəsibovun “Qarabağ” mahnısı ilə başa çatıb. Bütün ifalar böyük maraq və alqışlarla qarşılanıb.

 

İşgüzar görüşlər üçün imkan

 

Qeyd etdiyimiz kimi, Dunhuan şəhərindəki beynəlxalq sərgi və foruma müxtəlif  ölkələrdən nümayəndə heyətləri qatılıb. Bu baxımdan tədbir işgüzar görüşlər üçün də bir platformadır.

Nazir Adil Kərimli sentyabrın 6-da Moldova Respublikasının mədəniyyət naziri Sergiu Prodan ilə görüşüb.

Görüşdə iki ölkə arasında mədəni əlaqələrin mövcud vəziyyətinə nəzər salınıb, bu sahədə gələcək əməkdaşlıq üçün daha geniş potensialın olduğu vurğulanıb.

Sergiu Prodan gələn il Azərbaycanda Moldova mədəniyyəti günlərinin keçirilməsi təklifi ilə çıxış edib. Bu təkliflə bağlı fikir mübadiləsi aparılıb.

 

Çin Milli Kitabxanası ilə tanışlıq

 

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti sentyabrın 7-də Çin Milli Kitabxanasını ziyarət edib.

Kitabxananın kitab fondu, nəşrlərin qorunması, oxuculara xidmət prosesi və burada fəaliyyət göstərən muzeylə tanışlıq olub.

Direktor xanım Çen Yin kitabxananın fəaliyyəti haqqında nümayəndə heyətinə məlumat verib.

Qeyd olunub ki, Çin Milli Kitabxanası dünyanın ən böyük və zəngin kitabxanalarından biridir. Əsası 1909-cu ildə qoyulan kitabxana 1916-cı ildən ölkənin bütün kitabxanalarını özündə birləşdirib. 1928-ci ildə “Milli Kitabxana” statusu alıb.

Çoxfunksiyalı elm ocağı olan və üç binada yerləşən Milli Kitabxananın ümumi sahəsi 280 min kvadratmetrdir. Əsas binanın sahəsi 80,5 min kvadratmetrdir və burada eyni vaxtda 8 min oxucuya xidmət göstərmək mümkündür. Ümumilikdə isə Çin Milli Kitabxanasından bir gündə 12 min oxucu istifadə edə bilər. İllik oxucu kontingenti 5,2 milyon nəfərdir.

45 milyon nüsxəyə yaxın kitabın saxlanıldığı kitabxanada həm də dünyanın ən qədim kitab nümunələri yer alır. Burada çap şəklində olan ən qədim kitabın 1600 yaşı var. Ən qədim yazılı nümunələr isə tısbağa çanağı və sümüklər üzərindəki qeydlərdir. Onların tarixi 3 min il öncəyə gedib çıxır.

Müasir innovativ vasitələrin geniş tətbiq olunduğu kitabxanada 1300 terabayt həcmində elektron resurs saxlanılır.

Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası ilə Çin Milli Kitabxanası arasında uzun müddətdir əməkdaşlıq əlaqələri mövcuddur. 2015-ci ildə Azərbaycan Milli Kitabxanasında iki kitabxana arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb. Sənədə əsasən, Azərbaycan Milli Kitabxanasında Çin daimi guşəsi yaradılıb. Çin Milli Kitabxanasında da Azərbaycan daimi guşəsinin yaradılması nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyətinin Çinə səfəri sentyabrın 9-da başa çatacaq.