Sentyabrın 7-də Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) Dağıstanın Xalq şairi Rəsul Həmzətov (1923-2003) haqqında kitabın təqdimatı olub. Publisist və politoloq Reyhan Mirzəzadənin müəllifi olduğu “Milyonların nəğməkarı – Rəsul Həmzətov” kitabı şairin 100 illik yubileyinə həsr olunub.

Kitaba şairin məktubları və xatirələri, onun nəsr və poeziya əsərlərindən parçalar da daxil edilib. Rəsul Həmzətovun həyatı ilə bağlı fotolar, eləcə də Azərbaycanın siyasi və ictimai xadimləri, ədibləri, alimləri və musiqiçiləri ilə birgə şəkilləri verilib.

Reyhan Mirzəzadə Rəsul Həmzətov şəxsiyyətinin insanlarda böyük maraq doğurmasını belə izah edir: “O, dünya ədəbiyyatının Dağıstan zirvəsi idi. Şairin yaradıcılığı vahid bir kitabdır. Bu kitab müdriklik və igidlik, sevgi və ağrı-acı, dua və lənət, həqiqət və inam, nəciblik və xeyirxahlıq, an və əbədiyyəti ehtiva edirdi. Onun yaradıcılığı həyata, insanlara, torpağa, dünyaya məhəbbətlə yoğrulmuşdu. Şairin yaradıcılıq üfüqləri, əsərlərindəki ahəngdarlıq və yeni kəşflər, habelə sirli və qavranılan məfhumlar, səmavi və ülvi hisslər oxucunu cəlb edən cəhətlər idi”.

Tədbirdə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov, Xalq şairi Vahid Əziz, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev,  Əməkdar artist Nofəl Vəliyev və başqaları çıxış ediblər.

Yazıçı-publisist, kitabın ön sözünün müəllifi Zöhrə Əsgərova qeyd edib ki, Rəsul Həmzətovun şeirlərində özünəməxsus axıcılıq, melodiya var. O, Rəsul Həmzətovun şeirlərindən parçalar söyləyib.

Rəsul Həmzətovun əsərlərinin Azərbaycan dilinə tərcüməçisi Tofiq Bayramın bacısı, politoloq-jurnalist Svetlana Bayramova iki görkəmli sairin səmimi münasibətlərindən danışıb.

Rəsul Həmzətovun yaxın dostu olmuş Nəbi Xəzrinin oğlu Arzu Babayev də hər iki söz ustadının həyat və yaradıcılığı ilə bağlı maraqlı məlumatları diqqətə çatdırıb.

Tarixçi-politoloq, publisist Lətifə Məmmədova Rəsul Həmzətovu Qafqaz dağlarının uca zirvəsinə bənzədib və qeyd edib ki, o, özünün ustadı saydığı Səməd Vurğun haqqında hər zaman xüsusi rəğbətlə söz açıb.

Tədbirdə Yasamal rayon MKSi tərəfindən hazırlanmış “Rəsul Həmzətov – 100. Расул Гамзатов – 100” adlı videoçarx nümayiş olunub, məktəblilər şairin şeirlərini söyləyiblər.

Rus Evinin mədəniyyət layihələrinin kuratoru Vəfa Qavrilova Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş tədbirlərin davam edəcəyini deyib. Bildirib ki, biz bu tədbirlərə kitab təqdimatı ilə başladıq və oktyabrın 8-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ədəbi-musiqili tədbirlə davam edəcəyik. Həmçinin Bakıya Dağıstandan qonaqlar gələcək və Heydər Əliyev Sarayında yubileylə bağlı tədbir keçiriləcək.