Yaponiyanın Ryukoku Universitetinin Tarix kafedrasının mühazirəçisi, tarix elmləri doktoru Şinya Şionozaki Hüseyn Cavidin ev-muzeyinin qonağı olub.

Muzeyin ekspozisiya zalları ilə tanış olan qonağa Türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı, əsərlərinin bədii-fəlsəfi əhəmiyyəti və xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Azərbaycan fəlsəfi fikir tarixinə dair tədqiqat aparmaq məqsədilə Bakıya ezam olunan Şinya Şionozaki muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının ötən il nəşr olunan “Hüseyn Cavid fəlsəfəsinin tədqiq tarixi” adlı monoqrafiyası ilə xüsusən maraqlanıb.

Muzeyin nəşrlərindən “Cavidşünaslıq” çoxcildlik araşdırmalar toplusu da alimin diqqətini cəlb edib. O, həmin topluda əksini tapan Cavid fəlsəfəsinin tədqiqi ilə bağlı materialları da nəzərdən keçirib. Əsas tədqiqat sahəsi İslam Şərqi ölkələrinin fəlsəfə tarixi olan tədqiqatçı gələcəkdə filosof şair H.Cavidin fəlsəfi görüşlərini də araşdırmaq istədiyini bildirib.

Sonda yaponiyalı alim muzeyin xatirə kitabına ürək sözlərini yazıb.