Qran-prini çinli rejissor qazanıb...

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyası və “Peri Film” MMC-nin təşkilatçılığı ilə sentyabrın 6-dan 10-dək Bakıda 6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Çexiya və Fransanın ölkəmizdəki səfirlikləri, Azərbaycandakı Fransız İnstitutu, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və digər qurumların tərəfdaşlığı ilə gerçəkləşən builki festivalın mövzusu “Qadın haqları” idi.

Sentyabrın 10-da Nizami Kino Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi olub.

Festivalda filmləri beynəlxalq münsiflər heyəti – İzabel Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Çubinidze (Gürcüstan), Oqtay Yusibov (Azərbaycan, Finlandiya), Olivye Kateğin (Fransa) və Təhzib Kurana (Hindistan) kimi peşəkarlar dəyərləndirib.

Festivalın beynəlxalq müsabiqəsinin “Ən yaxşı qısametrajlı animasiya filmi” – Qran-pri mükafatına çinli rejissor Lei Chenin “Müharibənin sonu” (The End of War) filmi layiq görülüb.

Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə honqkonqlu rejissorlar Step Cheung və Kai Chung Ngin “Hər bir yerdə” (Everywhere) filmi qalib adını qazanıb.

Festivalın yerli müsabiqəsinin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə qalibinin adını Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu açıqlayıb. Mükafata rejissor Aleksandra Şirinovanın “Baharın oğurlanması” (Stolen Spring) filmi layiq görülüb. Bu kateqoriya üzrə digər qalibin adı isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon tərəfindən açıqlanıb. Mükafatı rejissor Rəvan Muradovun “Birdən ölsək” (The Half – If We Die) filmi qazanıb. Səfir bildirib ki, bu mükafatın qalibi ənənəvi olaraq Fransada dünyanın ən böyük animasiya layihəsi festivalı olan “Annecy” Beynəlxalq Animasiya Film Festivalına qatılmaq imkanı qazanıb.

“Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə rejissor Ayan Novruzlunun “Boş yerlər” (Empty Spaces) filmi qalib gəlib. Bu film həmçinin tamaşaçı seçimi müsabiqəsinin də qalibi olub.

İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı layihəsi üzrə rejissor Mehriban Əliyevanın “Züleyxa Seyidməmmədova” filmi I, rejissor Leyla Novruzovanın “Üzük” (Ring) filmi isə II yerə layiq görülüb. Bilet satışlarından əldə olunan gəlir məhz bu proqramın qaliblərinə dəstək məqsədilə ianə ediləcək.

Tədbirdə “TOTD” ictimaiyyətlə əlaqələr təşkilatının builki festival haqqında çəkdikləri qısametrajlı film nümayiş olunub.

Sonda festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və kreativ direktor Nəzrin Ağamalıyeva çıxış edərək layihənin bütün dəstəkçilərinə və heyətinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, beş gün davam edən festivala Məsud Pənahi (Azərbaycan, Almaniya), Kireet Khurana (Hindistan), Matthew Lyon (Kanada) və Maykl Dudok de Vit (Niderland) kimi tanınmış rejissor və animatorlar qatılıb.

Festivalda ümumilikdə uşaqlar və böyüklər üçün çəkilmiş 64 animasiya filmi nümayiş etdirilib.

Nurəddin Məmmədli