Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası növbəti sənət mövsümünün açılışına hazırdır.

Bu barədə filarmoniyadan məlumat verilib. Bildirilib ki, mədəniyyət ocağının yeni mövsümü sentyabrın 18-də – Milli Musiqi Günündə açılacaq. Həmin gün Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı başlayacaq. Filarmoniyanın Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Rəqs Ansamblı Heydər Əliyev Sarayında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin nümayişində iştirak edəcək. Sentyabrın 19-da isə filarmoniyanın yay zalında Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş konsert keçiriləcək.

Sənət ocağında Xalq artistləri Tofiq Bakıxanov, Nəriman Məmmədov və Eldar Mansurovun yaradıcılıq gecələri, rus bəstəkarı Sergey Raxmaninovun 150, violonçel ifaçısı Sabir Əliyevin 95, bəstəkar, Xalq artisti Fərəc Qarayevin 80 və bir sıra incəsənət xadimlərinin yubiley tədbirləri təşkil olunacaq.

Mövsüm ərzində xarici ifaçıların və tanınmış musiqi kollektivlərinin iştirakı ilə konsertlər də nəzərdə tutulub. Fransada yaşayan soydaşımız, Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva öz çıxışı ilə klassik musiqi həvəskarlarını sevindirəcək.

Filarmoniyanın gənc və istedadlı ifaçılara, bəstəkarlara öz yaradıcılıqlarını böyük səhnədə ortaya qoymaq imkanı verən “Gənclərə dəstək” layihəsi çərçivəsində də konsertlər davam etdiriləcək.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə ötən ilin yazından həyata keçirilən “Yeni adlar” layihəsi bu mövsümdə də musiqimizin yeni simalarını ictimaiyyətə tanıdacaq.

Bundan əlavə, bakılılar və paytaxtımızın qonaqları üçün abonement konsertləri də bərpa olunub. Abonement konsertləri həftənin hər şənbə günü saat 15:00-da Kamera və Orqan Musiqisi Zalında musiqisevərlərin görüşünə gələcək.