Azərbaycan Aşıqlar Birliyi (AAB) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı layihə başa çatıb.

AAB-nin sədr müavini Altay Məmmədli bildirib ki, layihə çərçivəsində Qələbəni tərənnüm edən aşıq ifalarından ibarət audiodisk hazırlanıb. Diskdə Əməkdar mədəniyyət işçiləri, tanınmış aşıqlar Ağamurad Şirvanlı və Samirə Əliyeva, habelə Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərlərinin, “Çeşmə” və “Misri” aşıq qruplarının ifalarında şanlı Zəfərimizi tərənnüm edən, qüdrətli Ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları təqdim olunur. Audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alıb.

Layihənin rəhbəri AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru birliyin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. Audiodiskin yaxın günlərdə geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.