Ənənəvi festival bu il Bakı, Gəncə, Şəmkir və Şuşada gerçəkləşəcək

 

Xəbər verdiyimiz kimi, 18-28 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən də musiqiçi və kollektivlər iştirak edəcək.

2009-cu ildə əsası qoyulan ənənəvi festivalın bu il də zəngin proqramı var. Bu il ilk dəfə olaraq festivalın konsert və təqdimatları dörd şəhərimizdə – Bakı, Gəncə, Şəmkir və Şuşada gerçəkləşəcək. Açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.

Sentyabrın 18-də – Milli Musiqi Günündə (Üzeyir Musiqi Günü) dahi bəstəkarın ata yurdu Şuşada açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. Bakıdakı Fəvvarələr meydanında isə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında konsert keçiriləcək.

Həmin gün axşam Bakıda Heydər Əliyev Sarayında festivalın təntənəli açılış mərasimi olacaq. Bu il anadan olmasının 90 illiyi qeyd olunan böyük bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş etdiriləcək.

Qeyd edək ki, ənənəvi olaraq festivalın açılış günü Fəxri xiyabanda Üzeyir bəy və digər görkəmli incəsənət xadimlərinin məzarları ziyarət olunacaq. Həmçinin Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasında tədbirlər reallaşacaq. Üzeyir Hacıbəylinin Ev-Muzeyində də ədəbi-musiqili proqram təqdim ediləcək.

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bu il yeniyetmə və gənclər üçün xüsusi layihələrlə də yadda qalacaq. Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş xalq çalğı alətləri orkestri Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, gənc istedadların iştirakı ilə bədii proqramlar təşkil olunacaq.

Festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə tanınmış müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək və arzu edən hər kəs bu formata qoşula biləcək.

Musiqi bayramı günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, filarmoniyanın Kamera və Orqan Musiqisi Zalı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyası və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.