Bolqarıstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 11-də Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzi ilə tanış olub. Mərkəz Bakı Slavyan Universitetinin Sofiya Universiteti ilə əməkdaşlığı çərçivəsində yaradılıb.

Milli Məclisin sədrinə mərkəzin fəaliyyəti haqqında məlumat verilib.

Sahibə Qafarova mərkəzə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən nəşr olunmuş kitabları hədiyyə edib. Spiker həmçinin mərkəzə “Qarabağ işğaldan əvvəl və sonra” kitab-albomunu təqdim edib, Ermənistanın 30 illik işğalı zamanı şəhər və rayonlarımızda törətdiyi dağıntılar, vəhşiliklər barədə məlumat verib.

Daha sonra Milli Məclisin sədri Azərbaycan dilini öyrənən bolqar tələbələrlə görüşüb, mərkəzdə xatirə kitabını imzalayıb.