Sentyabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bölməsinin tarixi binasında yeni dizayn və konsepsiya əsasında təmir olunmuş “Azərbaycan” otağının açılışını edib. Açılışda BMT-nin Cenevrə Bölməsinin baş direktoru Tatyana Valovaya, bir sıra ölkələrin Cenevrədəki daimi nümayəndələri iştirak edib.

XİN-dən verilən xəbərə görə, mərasimdə Ceyhun Bayramov və Tatyana Valovaya çıxış ediblər. “Azərbaycan” otağının BMT-nin Cenevrə Bölməsinin fəaliyyətinə töhfə olduğu vurğulanıb.

2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılan otağın təmiri 2022-ci ildə başlanıb. Otaqda monitorlar, kameralar, audio-video avadanlıqlar quraşdırılıb. Burada sinxronlaşdırılmış görüşlərin, təqdimat və iclasların keçirilməsi üçün şərait var.

Otağın tərtibatında milli elementlərə də xüsusi yer ayrılıb. Otaq Azərbaycanın tarixini, zəngin təbiətini, memarlığını əks etdirən fotolar, habelə şəbəkə elementləri ilə dizayn edilib. Bundan əlavə, Qarabağ xalçası, şəbəkə eksponatı, muğam musiqi alətləri nümayiş etdirilir.

Layihə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.

Xatırladaq ki, BMT-nin Cenevrə Ofisində az sayda ölkə öz otağını yaratmağa nail olub. Ölkə otaqları BMT-nin müxtəlif tədbirləri zamanı fərqli sessiyaların, iclasların və müxtəlif formatlı görüşlərin keçirilməsi üçün istifadə olunur. Belə mötəbər bir binada “Azərbaycan” otağının fəaliyyəti ölkənin təqdimatı baxımından önəm kəsb edir.