44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan irihəcmli əsərlərin yaradılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş ədəbi müsabiqəyə yekun vurulub.

Qeyd edək ki, müsabiqəyə təqdim edilmiş əsərlərin qiymətləndirilməsi və qalibin seçilməsi məqsədilə aidiyyəti sahə üzrə mütəxəssislərdən ibarət aşağıdakı tərkibdə komissiya yaradılmışdı: Vidadi Qafarov – AMEA Memarlıq və İncəsənət İnstitutu Teatr, kino və televiziya şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru; Səlim Babullaoğlu – Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi; Qismət Rüstəmov – şair, yazıçı, tərcüməçi; Cavanşir Yusifli – tənqidçi, ədəbiyyatşünas, tərcüməçi.

Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün roman, dram və mənzum hekayə janrları üzrə qəbul olunmuş 23 əsər və onların müəllifləri xüsusi ştrix ilə şifrlənərək komissiya üzvlərinə təqdim edilib.

Komissiya üzvləri tərəfindən hər bir əsərin oxunub, mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və əsərlər cədvəl üzrə qiymətləndirilib. Mədəniyyət Nazirliyində keçirilən yekun iclasda komissiya üzvləri fikirlərini səsləndiriblər.

Komissiyanın yekun qərarına əsasən, roman və mənzum hekayə janrları üzrə təqdim olunan 15 adda əsərin bədii səviyyəsi müsabiqənin tələblərinə cavab vermədiyi üçün qalib əsər müəyyənləşməyib.

Dram janrı üzrə təqdim olunan 8 əsərin arasından Sevinc Elsevərin “Çiçək məktublar” pyesi qalib seçilib.

Qaydalara əsasən, qalibə 5 min manat pul mükafatı və Mədəniyyət Nazirliyinin xüsusi diplomu təqdim olunacaq.