10-25 sentyabr tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 45-ci sessiyası keçirilir. Sessiyaya Azərbaycan nümayəndə heyəti də qatılıb.

Sessiyada ötən dövr ərzində Dünya İrs Komitəsinin fəaliyyətinə nəzər salınacaq,  UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan ərazilərin konservasiya vəziyyətinin qiymətləndirilməsi müzakirə olunacaq, təklif olunan yeni nominasiyalar qiymətləndiriləcək. Həmçinin sessiya çərçivəsində seminarlar, sərgilər, digər tədbirlər keçiriləcək. Sessiyanın diqqətçəkən məqamlarından biri də ilk dəfə İsrail nümayəndə heyətinin Səudiyyə Ərəbistanında keçirilən beynəlxalq tədbirdə iştirakıdır.

Xatırladaq ki, 2019-cu ildə Dünya İrs Komitəsinin 43-cü sessiyasına Bakı şəhəri ev sahibliyi edib. Həmin il 30 iyun – 10 iyul tarixlərində keçirilən sessiya bizim üçün həm də Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin Dünya İrsi Siyahısına salınması ilə yadda qalıb. Bununla Azərbaycanın sözügedən siyahıdakı irs obyektlərinin sayı 3-ə (İçərişəhər və Qobustandan sonra) çatıb.

Dünya İrsi Siyahısı UNESCO-nun “Dünya mədəni və təbii irsinin qorunması haqqında” 1972-ci il Konvensiyası əsasında yaradılıb. Konvensiya Dünya İrsi Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik abidə və məkanlar ümumbəşəri irs elan edilməyə layiq görülür. Hazırda siyahıda 1157 obyekt var. Onlardan 900-ü mədəni irs, 218-i təbiət abidəsidir. Daha 39 obyekt qarışıq nominasiya kimi siyahıya daxil edilib.

Ər-Riyad şəhərində keçirilən sessiyada daha 50 mədəni və təbii irs nümunəsi ilə bağlı nominasiya fayllarına baxılacaq.