Azərbaycan Respublikası dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə BMT-nin Məskunlaşma Proqramı ilə birgə sentyabrın 29-dan ölkəmizdə “Şəhərsalma həftəsi” təşkil ediləcək. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Məlumata əsasən, 29 sentyabr – 1 oktyabr tarixlərində Zəngilan və Bakı şəhərlərində keçiriləcək “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda” mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumu bir çox xarici ölkələrdən rəsmiləri, mütəxəssisləri və ekspertləri bir araya gətirəcək.

Oktyabrın 2-də paytaxtımız ilk dəfə olaraq Dünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri “Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.

“Şəhərsalma həftəsi” çərçivəsində digər tədbirlər də nəzərdə tutulur.