Yoldan ilk olaraq Rusiyanın göndərdiyi humanitar yük daşınıb

 

Xəbər verildiyi kimi, sentyabrın 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə Rusiya Qırmızı Xaç Cəmiyyətinin (RQXC) yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə keçidi təmin olunub. Ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR sentyabrın 10-dan Xankəndinə keçmək üçün gözləyirdi.

Sentyabrın 12-də səhər Rusiya Hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qırmızı Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə RQXC tərəfindən göndərilən humanitar yük Ağdamdan Xankəndinə yola düşüb. Həmin gün Xankəndidə yükünü boşaldan avtomobil eyni yolla geri qayıdıb.

Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bunu RQXC tərəfindən göndərilən yükün Ağdam-Xankəndi yolu ilə keçidi, habelə Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda açılması məsələsi ilə bağlı yerli medianın suallarına cavabında deyib:

“Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə, Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir.

Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır”.

Rusiya hesab edir ki, yaxın vaxtlarda Ağdam marşrutu ilə paralel olaraq, Laçın yolu da fəaliyyətə başlayacaq.

Bunu isə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Qırmızı Xaç Cəmiyyətinin humanitar yardımının Qarabağın erməniəsilli əhalisinə çatdırılması ilə bağlı şərhində bildirib.

Şərhdə qeyd olunub ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun irəli sürdüyü təşəbbüsə əsasən, iyulun 25-də Moskvada Azərbaycan və Ermənistanın xarici siyasət idarələri rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş əsnasında bütün maraqlı tərəflər ilə qarşılıqlı fəaliyyət əsasında Laçın və Ağdam marşrutlarının paralel şəkildə fəaliyyət göstərməsi sxemi hazırlanıb. Mövqelərin xeyli dərəcədə fərqli olması, yüksək səviyyədə etimadsızlıq səbəbindən bu iş heç də asan olmayıb. Birinci addım kimi, bu il sentyabrın 12-də regiona ümumrusiya ictimai təşkilatı – Rusiya Qırmızı Xaçının xətti ilə humanitar yardım partiyası göndərilib.

Rusiya XİN-in sözçüsü ümidvar olduğunu bildirib ki, əvvəllər əldə edilmiş anlaşmaya uyğun olaraq, yaxın vaxtlarda yüklər mütəmadi şəkildə hər iki istiqamət üzrə maneəsiz daxil olacaq ki, bu da, öz növbəsində Bakı ilə Qarabağdakı erməni əhali arasında dialoqun başlanmasına və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə 2020-2022-ci illərdə yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmaların bütün kompleksinin reallaşmasına dair ritmik prosesin bərpa olunmasına şərait yaradacaq.