Sentyabrın 12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi” kitabının təqdimatı keçirilib. Elmi redaktoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, rəyçiləri filologiya elmləri doktoru Aytən Qəhrəman, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanlı, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov olan kitabın müəllifi BBMM-in Analitika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəşad İlyasovdur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, BBMM-in icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçirilən tədbirdə tədqiqatçılar, müəllim və tələbə heyəti iştirak edib.

Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, professor Muhittin Macit, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, BBMM-in müşaviri Aytən Qəhrəman, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov çıxışlarında kitabın əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, kitab aktual məzmun və mahiyyət daşıyır. Kitabda elm tarixində çox az bilinən və araşdırılan Şirvanlı, Naxçıvanlı, Qarabağlı alim və mütəfəkkirlər tədqiq olunub. Əsərdə dövr ilə bağlı müxtəlif mövzular bir-birini tamamlayır. Qeyd olunan alimlərin əlyazma əsərləri haqqında məlumatlar verilir və onların elmi fəaliyyətləri işıqlandırılır. Bu, xüsusilə çox əhəmiyyət kəsb edir. Vurğulanıb ki, kitab bu sahədə araşdırma aparmaq istəyənlər üçün istiqamət ola bilər.

Qeyd edək ki, kitab ön söz, giriş, üç fəsil və nəticədən ibarətdir. Girişdə Azərbaycan əsilli Osmanlı müəlliflərin anlayışı açıqlanır. Bunun “Azərbaycan məktəbi” çərçivəsindəki funksional rolu izah edilir. Birinci fəsildə “Azərbaycan məktəbi”nin yaranma tarixi, bu tarixin arxa planı və məşhur nümayəndələrindən bəhs olunur. İkinci fəsildə Azərbaycan əsilli alim və mütəfəkkirlərin hansı səbəbə görə Osmanlı dövlətinə köçməsi, Osmanlıda elm, Anadoluda dini-mistik vəziyyət kimi mövzular araşdırılır. Üçüncü fəsildə kitabın əsas məzmun və mahiyyətini təşkil edən Şirvan, Naxçıvan, Qarabağ əsilli Osmanlı müəlliflərinin həyat və yaradıcılığı təqdim olunur.