Elturan Avalov: “Memar tələbələrimə deyirəm ki, kompüterə çox da arxayın olmayın, əsas insanın düşünən beynidir”

 

Müsahibimiz tanınmış memar-rəssam, Əməkdar incəsənət xadimi, professor Elturan Avalovdur. O, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Uzun illər memarlıq sahəsində çalışsa da, həmişə incəsənətə, xüsusilə də rəssamlığa bir köynək yaxın olub.

Dosye: Elturan Vəli oğlu Avalov 1940-cı il avqustun 20-də Bakıda anadan olub. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Memarlıq fakültəsini bitirib. “Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması” mövzusunda yazdığı və 1973-cü ildə müdafiə etdiyi dissertasiya işində mədəniyyət beşiyimizə maraq və məhəbbət sonrakı illərdə yaradılacaq çoxsaylı qrafik işlərin əsas leytmotivinə çevrilib. Ərsəyə gətirdiyi “Şuşa” adlı qrafik silsilədə Pənahəli xanın qəsri, Gəncə qapısı, İbrahimxəlil xanın sarayı, Saatlı, Gövhər ağa məscidləri, Mehmandarovların mülkü, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Molla Pənah Vaqifin məqbərəsi və ümumilikdə 50-dək abidə-tikilini tuş-pero texnikası ilə təsvir edib. Onun əsərlərində Azərbaycanın təbiəti, İçərişəhər, Gəncə və Ordubad abidələri də böyük ustalıqla təsvir olunub. “Şuşanın memarlığı” (1977), “Memarın gözü ilə” (1978), “Elturan” (1986) kitabları maraqla qarşılanıb.

Sənətkar həm də dövrünün əyriliklərinə güzgü tutub, onları karikaturalarında özünəməxsus tərzdə təsvir edib. 30-dan çox sərginin iştirakçısı olan Elturan Avalov Cüzeppe Verdinin “Aida” və “Karmen” operalarına rəsmlər, Üzeyir Hacıbəylinin musiqili komediyalarına, Bəxtiyar Vahabzadənin “Muğam” poemasına illüstrasiyalar çəkib. Yaradıcılığında portret janrına da üstünlük verən sənətkar müxtəlif insan talelərini ustalıqla əks etdirib.

O, həmçinin bəstəkarlıqla da məşğuldur. Skripka və fortepiano üçün “Adagio”, Fikrət Əmirovun xatirəsinə ithaf etdiyi “Ekspromt” və “Fantaziya” əsərləri Türkiyədə də ifa edilib. Musiqini çox sevən, fortepianoda ifa etməyi xoşlayan rəssam Üzeyir Hacıbəylinin əsərlərinə çoxsaylı rəsmlər çəkib. 1985-ci ildə dahi bəstəkarın anadan olmasının 100 illik yubileyi münasibətilə rəssamın Moskvada fərdi sərgisi keçirilib. 

Elturan müəllim eyni zamanda Azərbaycanın memarlıq və incəsənət tarixinin problemlərinə dair çoxsaylı kitabça və məqalənin də müəllifidir. Sənətkar bu günlərdə 150-dən çox əsərini Mədəniyyət Nazirliyinə hədiyyə edib.

 

– Elturan müəllim, fəaliyyətə memar kimi başlamısınız. Bəs necə oldu rəssamlıq sizi özünə çəkdi?

– Əvvəllər memarla rəssam eyni sahənin adamı sayılırdı. Rəssamlığı bilməyən memar ola bilməzdi. Məşhur memarlıq əsərlərindən danışanda görürük ki, onun müəllifi təkcə memar deyil. Memar həm rəssamdır, həm filosof, həm inşaatçı, həm də konstruktordur. İlk teatr rəssamlarımızdan olan Rüstəm Mustafayev atamın xalası oğludur. O, vəfat edən il mən dünyaya gəlmişəm. Rəssamlığı seçməyim yəqin ki, irsidir. Həm də evimizdə “Molla Nəsrəddin” jurnalının bir nüsxəsi qayğı ilə qorunub saxlanılırdı. Bu jurnalı özümə məktəb hesab edirəm. Onu həvəslə vərəqləyir, karikaturaları köçürürdüm. Bu karikaturaları nəzərdən keçirməklə dərginin ilk illərində orada çalışmış alman rəssamlar Oskar Şmerlinq və İozef  Rotterin üslubunu və ştrixlərini öyrənirdim. Bir sözlə, böyük həvəsim var idi.

 

– Yaratdığınız əsərlərin bir qismini bu yaxınlarda Mədəniyyət Nazirliyinə hədiyyə etdiniz. Bu qərara necə gəldiniz?

– Mənə zəng edir, əsərlərimi soruşurdular. Gənc rəssamlar arasında əsərlərimə maraq göstərənlər çoxdur. Düşündüm ki, həqiqətən də, belə həvəs, maraq varsa, onda işlərimin bir hissəsini nazirliyə verim. Məsləhət bilsələr, muzey və qalereyalara paylayarlar. Məncə, belə olması daha məqbuldur. İşlər muzey və qalereyalarda olsa, ziyarətçilər, yaradıcılığımla maraqlanan insanlar rahat bəhrələnə biləcəklər. Hələlik 150-dən bir az artıq işi təhvil verdim. Amma lazım olsa, yenə də verərəm...

 

– Həmin əsərlər əsasən hansı mövzu və janrları əhatə edir?

– Yaradıcılığımda məhdudiyyət yoxdur. Mənzərə, karikatura, portret, illüstrasiya və s. Yeri gəlmişkən deyim ki, vaxtilə animasiyaya böyük marağım var idi. Moskvaya gedib bu sahə üzrə işlərimi təqdim etmişdim və yaxşı qarşılanmışdı. Aspirantura təhsili aldığım üçün məşğul ola bilmədim.

 

– Azərbaycan musiqisinə dair illüstrasiyalarınız da diqqəti çəkir...

– “Qobustan” jurnalı nəşrə başlayandan (1969 – red.) xalq mahnılarımıza illüstrasiyalar çəkirdim. Bu illüstrasiyaları o zaman dərginin baş redaktoru Anar müəllim sifariş edirdi. Bir dəfə yazıçılarımızdan biri dedi ki, Rəşid Behbudov bu işlərlə çox maraqlanıb. Böyük müğənnimiz Mahnı Teatrını yaratdığı ərəfələr idi. Dedilər ki, Rəşid müəllim səni görmək istəyir. Görüşdük. Sənətkara dedim ki, bir çox xalq mahnılarına çəkdiyim illüstrasiyalar elə sizin köməyinizlə yaranıb. Mahnıdakı tonları, ifaçının intonasiyasını nəzərdə tuturdum. “Qoy gülüm gəlsin, ay nənə”, “Ay qız, kimin qızısan”, “Pəncərədən daş gəlir” və s. xalq mahnılarına çəkdiyim illüstrasiyalar hazırda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunur. Bir müddət keçəndən sonra mən bu əsərləri yeni variantlarda da işlədim. Düşündüm ki, başqa formada da işləmək olar. Zaman ötdükcə eyni mövzuya müxtəlif baxışlar yaranır...

 

– Bildiyim qədər, yerli və əcnəbi müəlliflərin ədəbi əsərlərinə də illüstrasiyalar çəkmisiniz.

– A.Qriboyedov, M.Qorki və C.Məmmədquluzadənin əsərlərinə müraciət etmişəm. Hazırda Mirzə Cəlilin Bakıdakı ev-muzeyində, həm də Rusiyanın Şərq Muzeyində böyük yazıçı-dramaturqumuzun əsərlərinə çəkdiyim illüstrasiyalar qorunur. Bu mənada ədibin “Pirverdinin xoruzu”, “Bəlkə də qaytardılar”, “Qurbanəli bəy” və digər əsərlərinə çəkdiyim illüstrasiyaları qeyd edə bilərəm. Bundan əlavə, 100-ə qədər rəsmdən ibarət “Dirijorun vəziyyətləri” adlı silsiləm də maraqla qarşılanır.

 

– Dirijor demişkən, musiqiyə də həvəsiniz var. Bəstələriniz də var...

– Şuşa ilə qan bağlılığın olsun, musiqi sahəsində yaxın olmayasan? Peşəkar olmasam da, bəstələrim səslənir. Vaxtilə musiqi məktəbinə də getmişəm. Bu sevginin kökündə həm də anamın əslən Şuşadan olması durur. Anam Məhbubə İsmayılova respublikanın Əməkdar mühəndisi idi. Kiçik yaşlarımdan başlayaraq ömrümün müxtəlif illərini Şuşada keçirmişəm və buranın hər məhəlləsinə bələd olmuşam. Onu da deyim ki, musiqiyə həvəsimin olmasında böyük bəstəkarımız Fikrət Əmirovun xüsusi rolunu qeyd etməliyəm. Onun simfonik muğamlarına o qədər heyran olmuşdum ki, bu əsərləri evdə pianoda ifa edirdim. Sonradan tələbəlik illərimdə Fikrət müəllimlə tanış oldum. O, mənim ifalarım və bəstələrimlə maraqlandı və bəyəndi. İllüstrasiyalarım arasında Fikrət Əmirovun “Sevil”inə çəkdiyim iş də var. Tar və fortepiano üçün bəstələdiyim “Zəfər marşı” da maraqla qarşılanmışdı.

 

– Şuşaya fərqli münasibətiniz var. Bunu çoxsaylı qrafik işlərinizə əsasən deyirəm...

– Bunun tarixçəsi var. Rəhmətlik sənətşünas-alimimiz Əbdülvahab Salamzadə elmi rəhbərim idi. O, çox müdrik alim idi. Bir gün mənə dedi ki, Şəkidən də, Şuşadan da çox nigaranam. Sən Şuşanı tanıyıb bilirsən, elmi işini də Şuşadan yaz. Çünki memarlıq nümunələrimiz qorunmalıdır. Uşaq vaxtı tətil zamanı anam məni qohumlarımıza göndərirdi. Uşaqlığım əsasən Ağdam, Şuşa və Gəncədə keçmişdi. Oralara yaxşı bələd idim. Odur ki, bundan istifadə etməli idim. Yay vaxtı idi. Arşınmalçı kimi gedib bir-bir qapıları döyüb fotoaparat və bloknotla evlərin şəklini çəkir, qeydlər aparırdım. Tətil vaxtı olduğu üçün Şuşada uşaqlar da mənə çox kömək etmişdilər. Onlar həvəslə damın üstünə çıxır, malikanələrin hündürlüyü və ölçülərinin hesablanmasında mənə kömək edirdilər. Yeri gəlmişkən, qeyd edim ki, məndə Şuşanın 1979-cu ildə çap edilən, abidələrinin də olduğu nadir xəritəsi var. Hələ o dövrdə ermənilər bu xəritəni qısqanclıqla qarşılamışdılar...

 

– Bu gün azad Şuşanın bərpasında sizin qrafik əsərlərin də köməyi dəyir, yəqin ki?

– Qələbəmizdən sonra mənə çoxlu müraciətlər olub. Çertyojlar, fotolar, sxemlərlə maraqlanırdılar. Bacardığım qədər kömək etməyə çalışdım. Elə foto və çertyojlar var ki, onları heç vaxt çap etməmişdim. Onları da lazım olan məqamda təqdim etdim.

 

– Şuşa azad olunandan sonra oraya getdinizmi?

– İlk növbədə, tariximizin bu şanlı Zəfərinə görə Ali Baş Komandana, rəşadətli Ordumuza sonsuz minnətdarlıq hissimi ifadə etmək istəyirəm. Bu mənim üçün ən böyük arzumun gerçəkləşməsi idi. Şuşaya səfərə gəlincə, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi “Xarıbülbül” festivalına məni dəvət etdi. Əfsus ki, ayaqlarımdakı problemlə əlaqədar gedə bilmədim. Hazırda müalicə alıram. Ən böyük kədərim odur ki, anam Şuşanın azad olunmasını görmədi...

 

– Uzun illərdir Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışırsınız. Gənc memarların gələcəyini necə görürsünüz?

– Hər halda yaxşı görməliyəm. Başqa cür ola da bilməz. Amma deyim ki, hazırda memarlıqda kompüterdən geniş istifadə olunur. Tələbələrimə də hər zaman tövsiyə edirəm ki, kompüterə çox da arxayın olmayın, əsas insanın düşünən beynidir. Beyin işləməsə kompüter heç vaxt nəsə yarada bilməz.

 

– Evinizin divarlarında çoxlu xalçalar görürəm...

– Hələ bir neçəsi də yerdədir. Yığıb-bükmüşəm. Anam şuşalı olduğu üçün xalça həvəskarı idi. Nənəm və xalalarımın toxuduğu xalça mənim üçün xüsusilə qiymətlidir.

 

– Hazırda hansısa layihə üzərində işləyirsinizmi?

– Düzü, hazırda elə də ciddi bir layihəm yoxdur. Elə mövzularım üzərində çalışıram. Yaradıcılıq həvəsim olsa da, əlim bir qədər çətinlik yaradır. Bu gün əsas arzum sağalmaq və əsərlərimdən ibarət kataloqu çap etdirməkdir. Heydər Əliyev Fondu 2008-ci ildə “Şuşa. Qrafika” adlı albomumu çap elətdirdi. Bir çox Avropa dillərində nəşr olunan bu albomda “Qafqazın konservatoriyası”nın – Şuşanın təkrarsız memarlığını əks etdirən qrafika əsərləri təqdim edilib. Bundan başqa, həmin əsərlər əsasında açıqcalar dəsti buraxılıb. İndi kitab sənayemiz elə inkişaf edib ki, digər əsərlərimi də kataloq, açıqcalar şəklində çap etmək istəyirəm. Bunun turistlər üçün də maraqlı olacağını düşünürəm. Arzularımdan biri də odur ki, 18 sentyabr – Milli Musiqi Günündə xalq mahnılarımıza çəkdiyim illüstrasiyalar notu ilə birlikdə açıqca şəklində çap olunaraq paylanılsın. “Arşın mal alan”a, “Məşədi İbad”a çəkilən illüstrasiyalar, məncə, maraqla qarşılanar. 2019-cu ildə “Altun” nəşriyyatı “O olmasın, bu olsun” rəssam Elturanın gözü ilə” adlı illüstrasiyalar toplusunu nəşr edib.

***

Söhbətimizin sonunda Elturan müəllim yarızarafat, yarıgerçək bir gileyini də dilə gətirdi. Dedi ki, qrafik əsərlər yaratmaq üçün illərdir keyfiyyətli tuş tapmaq müşkül məsələ olub. Ağ-qara işlərini daha əvvəlki keyfiyyətlə işləyə bilmir.

Sənətkara tezliklə səhhətini bərpa edib Şuşaya getməsini, keyfiyyətindən narazı qaldığı tuşla qala-şəhərimizin yeni növrağını çəkməsini arzuladıq.

Lalə Azəri