Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru, jurnalist Mübariz Əhmədov 2023-cü il sentyabrın 14-də, 54 yaşında vəfat edib.

Əslən Cənubi Azərbaycandan olan Mübariz Ataxan oğlu Əhmədov (Mübariz Azərbaycanlı) 12 iyun 1969-cu ildə Saatlı rayonunun Musalı kəndində doğulub. 1988-ci ildə indiki Şirvan şəhərindəki Sənaye Texnikumunu bitirib. 1998-ci ildə Vladivostok Uzaq Şərq Dövlət Universitetinin (Rusiya) Jurnalistika fakültəsindən məzun olub.

M.Əhmədov 2003–2006-cı illərdə Bakı Dövlət Universitetində, 2008–2012-ci illərdə Bakı Avrasiya Universitetində və 2009-cu ildən indiyədək Bakı Slavyan Universitetində Jurnalistika kafedrasının müəllimi, 2018-ci ildən isə dosenti vəzifəsində çalışıb.
2013-cü ildə "Jurnalist etikasının problemləri" mövzusunda dissertasiya işini müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
M.Əhmədov 1999-cu ildə Vladivostok şəhərində "Azərbaycan" adlı ictimai-siyasi və mədəni-maarif tematikalı müstəqil qəzet təsis edib və əsasən Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqətləri təbliğ etməyə başlayıb. O, müntəzəm olaraq saytlarda “Mübariz Azərbaycanlı” imzası ilə siyasi-analitik xarakterli yazılarla çıxış edib.

20-dək kitab, dərslik, tədris proqramı və iyirmidən çox elmi məqalənin müəllifi olan M.Əhmədov Rusiya Jurnalistlər Birliyinin üzvü idi.
Allah rəhmət eləsin.