Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalına sayılı günlər qalır. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçiriləcək festival bu il də bir sıra ölkələrdən ifaçı və kollektivləri bir araya gətirəcək.

Dörd şəhərdə (Bakı, Gəncə, Şəmkir, Şuşa) keçiriləcək festivalda ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və s. təşkil olunacaq.

Sentyabrın 19-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Miçiqan Universitetinin (ABŞ) professoru İqor Fedotovun ustad dərsi təşkil olunacaq. 21 sentyabrda isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gürcüstanlı pianoçu Eliso Bolkvadzenin konserti keçiriləcək. Beynəlxalq Muğam Mərkəzində Fransadan festivala qatılan “Quatuor Diotima” simli kvartetinin konserti sentyabrın 25-də gerçəkləşəcək.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında 26 sentyabrda Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri sinqapurlu dirijor Anq Darrellin rəhbərliyi ilə çıxış edəcək.

Musiqi bayramının bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri xarici qonaqlarla birgə festivalın final notlarını səsləndirəcək. Konsertdə pult arxasında dirijor Valentin Egel (Almaniya), solistlər isə Chloe Kiffer (violin, Fransa) Henri Demarquette (cello, Fransa) və Aleksandr Mutuzkin (piano, ABŞ) olacaq.