Səhnə əsərlərində dövrün ab-havasını, hadisələrin detallarının izləyiciyə yerli-yerində çatdırılmasında və tamaşanın bədii təsir gücünün artırılmasında teatr rəssamlarının üzərinə böyük missiya düşür. Çünki rejissordan fərqli olaraq, rəssam ideyanın təsviri-plastik həllini tapır. Tamaşaçıda əsər haqqında ilk təəssürat yaradır. Təsadüfi deyil ki, pərdə açılanda ilk nəzərəçarpan da məhz dekorasiya olur. Görkəmli teatr rəssamlarımızdan Xalq rəssamı, Dövlət mükafatı laureatı Nüsrət Fətullayevi anadan olmasının 110 illiyi münasibətilə yada salırıq.

Nüsrət Möhsün oğlu Fətullayev 1913-cü ildə Lənkəran şəhərində anadan olub. 1920-ci ildə valideynləri Bakı şəhərinə köçür. O, erkən yaşlarından təsviri sənətə maraq göstərir. Sonra təhsil aldığı Teatr Texnikumunda sənətin daha geniş üfüqlərinə doğru can atır. Bir gün Azərbaycan Dövlət Dram Teatrının dekorativ sexinə təcrübəyə gedir. Burada sanki sehrli bir aləmə düşür. Elə bu səfəri ilə də Nüsrətin sənət yolu müəyyənləşir. Teatrın rəssamı P.Ryabçikovla görüşür. Görkəmli sənətkar gənc rəssama böyük qayğı ilə yanaşır. Ona teatr tərtibatçılığının sirlərini öyrədir. Vaxt ötdükcə Nüsrətin fitri istedad sahibi olduğunu yəqin edir...

Nüsrət Fətullayev müəllimini sonralar belə xatırlayırdı: “Mərhum Ryabçikov genişqəlbli bir adam idi. O, mənim ilk yaradıcılıq müvəffəqiyyətlərimə sevinər, milli teatr kadrlarına xüsusi qayğı göstərərdi. Mən yaradıcılığımda onun xidmətlərini heç zaman unutmayacağam”.

O, 1934-cü ildə Teatr Texnikumunda təhsilini başa vurur. Diplom işi kimi böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə verdiyi tərtibat maraqla qarşılanır.

Akademik Dram Teatrında fəaliyyətə başlayan gənc rəssamın Aleksandr Korneyçukun “Eskadranın məhvi” tamaşasına verdiyi bədii tərtibatı görkəmli sənətkar Sidqi Ruhulla tərəfindən yüksək qiymətləndirilir. Bu uğurlardan sonra 1938-ci ildə o, teatrın baş rəssamı təyin olunur. 1947-ci ilədək 50-dən çox tamaşaya bədii tərtibat verir, sənət aləmində məşhurlaşır. Onun bədii tərtibatlarından “Hacı Qara”, “Molla İbrahimxəlil kimyagər” (M.F.Axundzadə), “1905-ci ildə”, “Yaşar”, “Sevil”, “Oqtay Eloğlu”, “Aydın” (C.Cabbarlı), “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin” (S.Vurğun), “Dumanlı Təbriz” ( M.S.Ordubadi) və s. tamaşaları qeyd etmək olar. 1950-1960-cı illərdə rəssamı olduğu “Şeyx Sənan” (H.Cavid), “Nişanlı qız” (S.Rəhman), “Od gəlini” (C.Cabbarlı), “Məhəbbətin hökmü” (C.Məcnunbəyov) və digər tamaşalar da böyük maraqla qarşılanır. Rəssam “Şərqin səhəri” (Ə.Məmmədxanlı) tamaşasına görə Stalin mükafatına (1948), “Mahnı dağlarda qaldı” (İ.Əfəndiyev) tamaşasına verdiyi tərtibata görə isə Azərbaycanın Dövlət mükafatına (1972) layiq görülür.

İstər Azərbaycan, istərsə də rus və Avropa klassiklərinin dram əsərlərinə verdiyi tərtibatlar həmişə dərin təhlillə müşahidə olunur. N.V.Qoqolun “Müfəttiş” tamaşasının bədii tərtibatı haqqında görkəmli ədəbiyyatşünas, tənqidçi, akademik M.C.Cəfərov yazırdı: “Nüsrət Fətullayevin tamaşa üçün verdiyi tərtibat nəzəri cəlb edir. “Müfəttiş”in yeni quruluşda və bədii tərtibatda göstərilən tamaşası teatrın yaradıcılığında mühüm bir hadisədir”.

Xalq şairi Rəsul Rza müəllifi olduğu “Vəfa” pyesinin tamaşası barədə yazıb: “İlk dram əsərim olan “Vəfa”nı yazarkən teatrın gözəl ənənələrini çox yaxşı gördüm. İstedadlı teatr rəssamı Nüsrət Fətullayev digər sənətkarlarla birlikdə mənim arzu etdiyim gözəl bir tamaşa yaratmışlar”.

1955-ci il iyulun 2-də S.Vurğunun “Vaqif” pyesi Akademik Dram Teatrının kollektivi tərəfindən Gəncədə oynanılır. Əsərin tərtibatını və rəssam işlərini Xalq rəssamı Nüsrət Fətullayev çox inandırıcı və təbii boyalarla yaradır. O vaxt professor Nazim Axundov bu barədə yazıb: “Səhnədə Azərbaycan xalqının tarixi memarlıq nailiyyətləri ümumiləşdirilmiş, xüsusən zərif sənət nümunələri olan şəbəkələr bütün mürəkkəbliyi ilə səhnədə canlandırılmışdır”.

Sözsüz ki, hər hansı tamaşaya bədii tərtibat verən rəssam hərtərəfli biliyə malik olmalıdır. Bu sənət həm də milli ənənələrə söykənməlidir. Bu barədə Nüsrət Fətullayevin fikirlərinə diqqət yetirmək yaxşı olardı: “Hər hansı bir səhnə əsərinin müvəffəqiyyəti eyni zamanda onun bədii tərtibatının keyfiyyətindən asılıdır. Tamaşada rejissor və aktyorların iştirakı ilə yanaşı, rəssamın da əsərə verdiyi bədii tərtibat yığcam və təsirli olub, hadisə və xarakterlərin məzmunlu çıxmasına kömək etməlidir...”.

Ömrünü milli teatr sənətinin inkişafına həsr edən Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə dünyasını dəyişib.

Savalan Fərəcov